Salam, Mahir!

11 Dekabr 2022 16:40 Köşə 2 672
Salam, Mahir!

Salam, Mahir. Necəsən?

O gün “instagram”da gördüm. Türkiyədəydin, oradan da Almaniyaya uçdun.

İndi də yəqin Xorvatiyadasan. Komanda yoldaşlarının Qətərdən qayıtmasını gözləyirsən, hə? Gəlib sizə qoşulsunlar, əl-ələ verib çempionata davam edəsiniz.

Mən də bildiyin kimi, elə o vaxtdan Bakıdayam. Heç kefim yoxdur. Havalar dəhşətli dərəcədə pis keçir. Külək şaxtaya qarışıb, yağış da hər imkanda varlığını göstərir. Ucqar rayonlara bir qar yağıb ki, gəl görəsən.

Allah haqqı, əsl sənin yerindir. Qəşəng şəkillər çəkdirib yerləşdirəsən “instagram”a, sonra da oturub kimin nə yazdığını oxuyasan. Ya da Cahid Şahbazovun bağında verilişə çəkiləsən.

Dünya çempionatının gərginliyi adamları evlərə və restoranlara yığıb. Axşam 6-dan sonra küçələrdə kişi görənə hədiyyə verirlər. Hamı mundialın həyəcanını yaşayır. Sən də baxırsan, adım kimi əminəm. Hər şey bir tərəfə, “Dinamo”dakı komanda yoldaşların yarımfinala yüksələn Xorvatiya millisində oynayır axı.

Açığı, xorvatların 1/4-ə qədər gələcəyini bilsəydim, sənə çoxdan ağız açardım. Neymarın formasını istəyirdim. Belə olacağını bilsəydim, sənə deyərdim, sən də Livakoviçə, Orşiçə, ya da Petkoviçdən rica edərdin, onlardan biri Neymara deyərdi və beləcə söhbəti həll etmiş olardıq. Birdən ağlıma gəldi ki, Mahir ola, Neymarın, ya da Kazemironun formasını əldən verə? Allah bilir, özü komanda yoldaşlarından xahiş edib ki, Qətərdən gələndə ona tanınmışlardan birinin maykasını gətirsinlər.

Gör nə deyirəm. Dekabrın 13-də Xorvatiya Argentina ilə oynayacaq. “Dinamo”dakı dostların bu dəfə Messinin qarşısını kəsməyə çalışacaq. Finala çıxmaq şansları nə dərəcədə realdır, bilmirəm. Amma hamı deyir ki, xorvatlar işi penaltilərə uzadıb Argentinanı da sıradan çıxara bilər. Xorvatiya udsa, heç nə. Onsuz da Messi mayka-zad verən deyil. Uduzsa, Petkoviçə de, Lionellə formasını dəyişsin, sonra da gətirib sənə versin. Sən də hərdən geyin şəhərdə gəz. İndidən tapşır ona, sonra deyəcək əvvəldən deyərdin.

Bu gün üçün səni vəziyyətdən çıxaracaq yeganə yol budur, qardaş canı. Onsuz da “Dinamo”da ehtiyatda qalırsan. Sən meydana çıxan gün azərbaycanlılar bayram edir. Orşiçlə Petkoviç Qətərdən kefi saz, damağı cağ gələndən sonra günün bir az da qaralacaq. O boyda Braziliyanı yan üstə qoyanlar qala-qala Çaçiç səni oynadan deyil ki. Sən də ora oynamağa getmisən, düzdür?. 18-19 yaşın olsaydı, deyərdim, böyüklərdən nəsə öyrənir, təcrübə toplayır. 26-nın içindəsən, skamyada oturub gözlərini döyürsən.

Hə, deməyim odur ki, Orşiçgil qayıdandan sonra çalış çıx o komandadan. Vallah, ora sənin yerin deyil. İndi işdir də gedib düşmüsən ora. Dünya çempionatında xarüqələr yaradan komandanın üzvləri ilə dostluq etmək yaxşıdır. Amma əsas heyətdə yer alıb onlarla çiyin-çiyinə oynamağın inandırıcı görünmür. Qışda iş yerini dəyiş, özünə “Legiya”fason klub tap. “Dinamo”da “11-liy”ə düşmədikcə, milli komandada da vəziyyət ürəkaçan olmayacaq.

Bayaq Messinin formasını bilirsən nəyə görə deyirdim? Gələcəkdə övladların “Dinamo”da nə etdiyini soruşsa, vurduğun 3-4 qolu, bir də Messinin maykasını göstərib xoş xatirələrini bölüşəsən deyə.

HƏBİB

Xəbər Lenti