“Şirin” millini uğura daşıyan VACİB SƏBƏBLƏR

22 Noyabr 2022 21:20 Köşə 2 014
“Şirin” millini uğura daşıyan VACİB SƏBƏBLƏR

Son günlər ölkənin bir nömrəli futbol komandasının məşqçi və futbolçu heyətinin şəninə təriflər yağır, xoş fikirlər səsləndirilir.

Səbəb tarixdə görmədiyimiz günləri yaşamağımızdır. Azərbaycan millisi son 5 oyunu qələbə ilə başa vurub.

Məğlub edilən komandalar arasında Slovakiya, Qazaxıstan və Şimali Makedoniyanın olması futbolsevərlərin yaxın gələcəyə olan inamını artırıb.

Uğurlu qrafiki qoruyub-saxlamaq mümkün olacaq, ya yox, birlikdə görəcəyik. Hələ ki, şad-xürrəmik, əhvalımız yerindədir.

Nisbi uğurun kökündə Canni de Byazinin uğurlu heyət və mövqe seçimi dayanır.

İtalyan çalışdırıcı kimin nəyə qadir olduğunu bilir və futbolçulara lazım olan yerdə şans verir. Kiminsə haqqı tapdanmır, hücumçu sol cinah müdafiəçisi qismində oynamır.

Şimali Makedoniya ilə qarşılaşmada “11-liy”in 8 nəfəri Azərbaycan Premyer Liqasında top qovanlar idi. 6-sı “Qarabağ”ı, hərəyə 1 futbolçu olmaqla “Sabah”la “Neftçi”ni təmsil edirdi.

Ağdamlıların avrokuboklardakı uğurlu çıxışı və yerli futbolçuların yetərincə şans qazanması olduqca vacib amildir.

Bu yerdə 10 komandalı çempionatda rəqabətin artdığını və futbolçuların beynəlxalq tələblərə cavab verən səviyyəyə yüksəldiyini də deyə bilərik.

Millidəki gəncləşdirmə siyasətinin özünü aşkar şəkildə göstərməsi də danılmaz faktdır. 20 yaşlı Musa Qurbanlı ilə 22 yaşlı Elvin Cəfərquliyev əsas heyətdə yer alır,

24 yaşlı Ozancan Kökçü ilə ondan 1 yaş böyük Bəhlul Mustafazadə ilk dəqiqələrdən şans qazanır, 21 yaşlı Ceyhun Nuriyev Emin Mahmudovu əvəzləyir.

Rəqabət və seçim o qədər genişdir ki, Mahir Emreli və Namiq Ələsgərov kimi top-adlar ehtiyat oyunçular skamyasında şans gözləyir.

Bəli, millidə adlar yox, hazır olanlar oynamalıdır. De Byazi son vaxtlar bu prinsiplə hərəkət edir və bəhrəsini görməkdəyik.

Bax, milli bu cür daha “şirin” və qəlbə yaxın görünür. Bu, hələ başlanğıcdır. Futbolçular eyforiyaya qapılmamalı, AÇ-2024-ün seçmə mərhələ oyunlarında Belçika, İsveç, Avstriya kimi yığmalara güc göstərməlidir.

Tarix yazmağın zamanı yetişib.

HƏBİB

Xəbər Lenti