"Qarabağ"ın 90+5 DƏHŞƏTİ

28 Oktyabr 2022 11:40 Köşə 1 604
"Qarabağ"ın 90+5 DƏHŞƏTİ

Son saniyələrdə qol buraxmaq dəhşət saçır.

Həmin qol məğlubiyyətin qapısını açırsa, paltardəyişmə otağında yaranan gərgin ab-havanı təsəvvür eləmək ondan da dəhşətlidir.

Otağa dərin sükut çöküb. Hamı əlləriylə üzünü tutub.

Gözlər ancaq yerə baxır. Heç kimi başını yuxarı qaldırmır, bir-birini dindirmir.

Sular masanın üzərində, amma kimsə yerindən tərpənmir, ona yaxın getmir.

Kimi xısın-xısın ağlayır, kimi dərindən köks ötürür, kimi dişi bağırsağını kəsən kimi daxilən qovrulur...

«Qarabağ» dünən gecə Avropanın sonunda – Nant şəhərində son dəqiqənin şokunu yaşadı. Bəlkə də 90+5-ci dəqiqədə toru silkələyən top «Qarabağ»ı Avropa Liqasının pley-off mərhələsinə aparan yolu qapadacaq.

Bilmək olmaz, hər şey yenə Azərbaycan çempionunun öz əlindədir. Qrupun altıncı - son turunda «Frayburq»u Bakıdan məğlub yola salsalar, ikinci pillədə qalacaqlar.

Amma ona kimi Nant şəhərini, İqnatius Qanaqonun qolunu futbolçuların ağlından çıxarmaq, unutdurmaq lazımdır. Və açığını deyim ki, bu, Qurban Qurbanova heç də asan başa gəlməyəcək.

Düzdür, o, dünənki matçdan sonra tövrünü qətiyyən pozmadı, özünü həmişəki kimi apardı, sakit, təmkinli, pozitiv…

Bu görüntüsü ilə istər komandasına, istərsə də azarkeşlərinə təsəlli vermək, «hələ şansımız var, dünyanın sonu deyil» demək istədi.

Belədir ki var! İllər Qurban Qurbanova böyük təcrübə qazandırıb və o, artıq istənilən məğlubiyyət qarşısında bədbinliyə qapılan, sarsılan. başını itirən məşqçilərin sıralarını çoxdan tərk edib.

KAMİL

Xəbər Lenti