Qurban Qurbanova verəcəyim sual

19 Sentyabr 2022 16:40 Köşə 3 942
Qurban Qurbanova verəcəyim sual

O, təkcə Azərbaycan futbolunun yox, elə Azərbaycanın da fəxri, qüruru, ümid mənbəyi hesab olunur.

Əksəriyyət Qurban Qurbanova “hoca” deyə müraciət etsə də, “imperator”, “ata”, “diktator” bənzətmələrindən də istifadə edən futbolçulara rast gəlmişik.

“Nant” üzərindəki möhtəşəm və parlaq qələbədən sonra isə bəzi futbol azarkeşləri ad-soyadını kiçildərək XTQ qoyub – Xüsusi Təyinatlı Qurbanov.

Xüsusi Təyinatlı Qüvvələrimiz Qarabağın keşiyində durub, ön cəbhədə varlıq nümayiş etdirən dönəmdə Qurbanov arxa cəbhədə (oxu: Avropa) Qarabağ həqiqətlərini dünyaya çatdırıb, bu adın tarixən ermənilərə yox, azərbaycanlılara məxsus olduğunu sübut edib və etməkdədir.

Bu adam ölkədə hər kəsin sevdiyi biridir. Futbolla yaxından maraqlanmayan kişiyə, qadına və ya yetkinlik yaşına çatmış birinə onun şəklini göstərsən, sevincək Qurban Qurbanovun adını çəkəcək.

Hocanı insanlara sevdirən təkcə “Qarabağ”ın başında dayanmaqla əldə etdiyi uğurlar deyil. Xarizması, duruşu, yerişi, danışığı, mədəniyyəti, ədaləti, vətənpərvərliyi ilə milyonların sevgisini qazanıb, zirvəyə ucalıb.

İndiyə qədər Azərbaycan futbolunda saysız-hesabsız adlar olub: Ələkbər Məmmədovundan tutmuş Kazbek Tuayevinə, İsgəndər Cavadovundan tutmuş Maşallah Əhmədovuna, Tərlan Əhmədovundan tutmuş Rəşad Sadıqovuna qədər.

Ölkə başçısı İlham Əliyev mütləq ki, hər birinin adını eşidib, böyük hörmət bəsləyib. Amma cənab Prezidentin Qurban Qurbanova necə yanaşması və hansı diqqət göstərməsi başqa bir mövzudur. Və bu faktın özü Qurbanovun əzəmətindən xəbər verir.

Adam vətən eşqi ilə yaşayır, vətən sevgisi ilə “ölüb-dirilir”, hətta komandasının oyun günlərində döyüş bölgəsindən gələn bir xəbəri belə qaçırmır.

2009-cu ilin iyulun 23-də - Ağdamın işğal günündə xalqı “Rusenborq” üzərindəki parlaq qələbə ilə sevindirib (1:0),

2020-ci ilin vətən müharibəsi dövründə - oktyabrın 1-də Polşada “Legiya” üzərindəki möhtəşəm zəfərlə (3:0) insanların sevinc göz yaşlarının səbəbkarı olmuşdu. Bu dəfə 71 şəhidin acısını çəkdiyimiz günlərdə FRANSA “Nant”ını Bakıya gəlməyə peşman etdi – 3:0.

Oyunsonrası mətbuat konfransında diqqətlə başına, üzünə, gözlərinə baxdım. Qurbanov hər ötən ay yaşlanır, bəzən gözlərini bir nöqtədən çəkmir.

Sanki qayğıları getdikcə artır. Eşitdiyimə görə, imkanı, işi-gücü yaxşı olan insanlar qocalmır, əksinə, get-gedə cavanlaşır. Bəs, bu, Qurban Qurbanovda niyə belə deyil?

Jurnalistikanın etiket qaydaları və o andakı ab-hava həmin an bu mövzuda sual verməyimi əngəllədi. Amma bir gün görəndə mütləq bunu özündən soruşacam: Qurban bəy, niyə qocalırsız?

HƏBİB

Xəbər Lenti