“Qarabağ”ın haqq etdiyi mənəvi dəyər

10 Sentyabr 2022 20:40 Köşə 4 847
“Qarabağ”ın haqq etdiyi mənəvi dəyər

Mənə görə oyunun ən maraqlı və bir azərbaycanlı futbolsevər üçün ən qürurverici anı ilk hissənin sonlarında Ramil Şeydayevin Almaniya Bundesliqanın üzdə olan futbolçularından sayılan, transfer dəyəri 10-15 milyon avro qiymətləndirilən, İtaliya millisinin faktiki üzvü Vinçenzo Qrifonu arxasında sürüyüb ona sarı vərəqə qazandırması idi.

Mənə görə oyunun ən zövq verən hissəsi Bundesliqanın hazırkı lideri, son 15 gündə “Bohum”, “Ştutqart”, “Bayer Leverkuzen” kimi rəqibləri meydanı üzgün tərk etməyə məcbur edən “Frayburq”un “Qarabağ” qarşısında son 15-20 dəqiqədə müdafiə olunub, qapısında 2-ci topu görmək qorxusu idi.

Mənə görə qarşılaşmanın ən çox həzz verən yeri Bundesliqanın savadlı məşqçilərindən sayılan, 11 ildir “Frayburq”un “sükanı” arxasında dayanan Kristian Ştrayxın hər imkanda “Qarabağ”ın gücünü qabardıb, hakimin start və final fitindən sonra Qurban Qurbanovun yanına gəlib, azərbaycanlı balasını bağrına basması, ona və komandasına hörmət bəslədiyini dilə gətirməsi idi.

Mənə görə matçın ən çox fəxr olunan anı “Frayburq” azarkeşlərinin ikinci yarıda ciddi həyəcan içində oturub hakimin fitini səbrsizliklə gözləməsi, oyun başa çatan kimi komandaları sanki Çempionlar Liqasını qazanıbmış kimi sevinməsi, ardınca sosial şəbəkələrdə “Qarabağ”ın şəninə təriflər yağdırması idi.

Dağ boyda Almaniyaya qorxulu gecə yaşadan hansısa Niderland, Belçika, Rusiya və ya Türkiyə komandas yox, iştirak etdiyi çempionatında ev oyunlarını doğma meydanda keçirə bilməyən, stadiona 300-500 azarkeş gəlməyən komandaların yer aldığı, millisinə dünyanın güldüyü, ölkəsinin ən istedadlı futbolçusunun Xorvatiyada - “Dinamo”da ehtiyatda qaldığı, ölkəsinin adına görə hakimlərin hər cür haqsızlıq etdiyi “Qarabağ” idi.

“Qarabağ”ın futbolçuları yerdə qalmaqla, rəqib futbolçularla kəllə-kəlləyə gəlməklə, futbolun hər cür iyrəncliklərinə əl atmaqla bəlkə də Frayburqdan Bakıya xalla qayıdardı. Nifrətdən başqa bir şey olmayacaqdı. Həmin 1 xal da nifrətin içində itib-batacaqdı.

Amma onlar uduzduqları halda alqış və rəğbət qazandı, adlarından söz etdirdi, rəqib futbolçularda Bakıdakı qarşılaşma ilə bağlı qorxu yaratdı.

Niyə?

Çünki “tarixdə nəticə qalır” deyimi heç də həmişə keçərli olmur. Bəzən futbolun mənəvi tərəflərinə də dəyər verilir. Cümə axşamı almanların verdiyi dəyər kimi.

Futbol bir tərəfə, həyatın gözəlliyi məgər bu deyil?

HƏBİB

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"