“Qarabağ” Ronaldonu transfer etsəydi...

4 Sentyabr 2022 17:20 Köşə 2 741
“Qarabağ” Ronaldonu transfer etsəydi...

“Qarabağ” Çempionlar Liqasının bir yox, yarım addımlığından uduzub, Avropa Liqasına düşməsinin psixoloji dağıntılarının altından çıxmağa çalışır.

Şahruddin haqda daha nəsə deməyin mənası yoxdur, hamıya keçmiş olsun.

Amma milli çempionatda son iki oyunda da bu psixoloji gərginliyin qalması hiss olundu. Klub ənənəvi oyun üslubunu itirib, xətlər arasında əlaqələr pozulub. Ümid edək ki, keçəcək bu xoşagəlməz durum.

Avropa Liqasında “Qarabağ” güclü rəqiblərlə bir qrupda mübarizə aparacaq. Fransa(“Nant”), Almaniya(“Frayburq”) və Yunanıstan(“Olimpiakos”) təmsilçiləri maraqlı klublardır, heyətlərini də liqanın startı ərəfəsi daha da gücləndiriblər. “Real”ın əfsanəvi müdafiəçisi Marselonun “Olimpiakos”a transferini yada salmaq kifayətdir.

“Qarabağ” isə təəssüf ki, Avroliqaya heyətini gücləndirmədən gedir. Vadji mənim azarkeş kimi baxışımda xüsusi oyunçu ola bilmədi, texniki baxımdan da, topa çıxmaqda da keyfiyyəti yüksək deyildi. Amma sürəti pis deyildi, bu səbəbdən də rəqibə narahatlıq yaradırdı. Vadjinin ailəsinə görə Fransa klubuna getməsini ilin sonuna(Avroliqanın qrup oyunlarının sonunadək) qədər ertələmək yəqin ki, mümkün olmayıb. Onu da deyim ki, klub rəhbərliyinin belə bir dönəmdə, heyətin kasad vaxtında əsas hücumçunun transferini məbləğə görə(1 milyon 600 min avro) sevinclə bəyan etməsi anlaşılan olmadı. Klubu oyunçu satmağına görə yox, heyətinə oyunçu alması ilə tanıyırlar. Qismətdən, belə bir vacib turnir ərəfəsi transfer də mümkün olmadı. Mahir Emrelinin Xorvatiya klubundan icarə əsasında “Qarabağ”a qayıtmasıının baş tutmamasına isə üzülmək lazım deyil. Zədə səbəbindən Mahir klubunda meydana çıxmırsa, “Qarabağ”a çətin ki, ciddi faydası olardı.

“Qarabağ”ın transfer siyasəti bizim biləcəyimiz iş deyil, bu, klub daxilində müəyyənləşir. Amma anlaşılmır ki, ümumiyyətlə, “Qarabağ” heyətinə oyunçu almaq üçün pul xərcləmək istəyirmi? Belə pis çıxmasın, qazancınız varsa, niyə transferə pul xərcləmirsiz? Klub transferdən də, oyunlardan da pul qazanmalıdır, amma həm də bu pulu xərcləmək də lazımdır. “Qarabağ” ən zəif büdcəsi olan klublardan biridir, bunu bildik. Heç artmır nəsə büdcə, o da öz işləri. Amma “Qarabağ” heyifdir axı, bu klubu Qurban Qurbanovun oyun taktikası, futbolçuların aşırı zəhməti hesabına nə qədər və haradək irəli aparmaq olar ki? Bəhanələri var: “Azərbaycana gəlmək istəyən azdır, milli çempionatın səviyəsi aşağıdır” və sairə... Bunlarla razılaşırıq, amma biz demirik ki, “Qarabağ” karyerasının qürubunu yaşayan, “Mançestr Yunayted”in ehtiyat oyunçular skamyasında oturan Kriştiano Ronaldonu alsın. Qonşu Gürcüstandan qapıçı alınca, hücumçu tap, müdafiəçi axtar... Moldovadan və ya Rusiyadan oyunçu gətirmək də çətindirmi? “Qarabağ”ın heyətinə yeni “qan” lazımdır, həm də indi yox, sezonun əvvəlindən, həm də bütün xətlərə...

Gəlin baxaq, bu klubun hazırda keyfiyyətli yarımmüdafiə və hücum xətti varmı? Yoxdur! Zubirin ayaqları qızıldır, amma o ayaqlar aldatdığı kimi, zərbə vura bilmir. Ozobiç və Kadi təcrübələri hesabına çalışırlar. Qaranın oyununda da ciddi gerilimə var, son oyunlarda ötürmələrdə xeyli səhvlər edir. Almeyda orta xəttin ayıbını örtür. O olmasa, ümumiyyətlə vəziyyət gərgin olar. Zədəli müdafiəçi Medinanın yoxluğu xüsusi hiss edilmir, amma Maksimdən daha gözümüzü çəkməliyik, yaş keçib. Bəhlulun, Toralın və Bədavinin zəhmətin yerə vurmaq olmaz, amma son iki müdafiəçi ayağına gələn topu meydandan çıxarmaqla işini bitmiş hesab edir. Hazırda “Qarabağ”ın heyətində ən keyfiyyətli oyunçu Marko Veşoviçdir. Yaxşı formadadır, amma bu sözləri onun yerlisi Marko Yankoviç haqda demək olmur.

Ramil Şeydayevi Moskva “Dinamo”sundan izləyirəm, təəssüf ki, onun oyununda heç bir irəliləyiş yoxdur. Ölkə çempionatında nəsə etmək istəyir, amma Avropa meydanları onluq deyil. Mənə görə, Musa Qurbanlı ondan daha yaxşı hücumçudur, topa çıxmağı da, top hissiyatı da yaxşıdır. Amma Qurban Qurbanov oğlu olduğu üçün onu Avropada oynatmadı. Niyə ay qaqa? İndi adı Avropa Liqasının qrup mərhələsinin oyunları üçün iştirak ərizəsində var. Amma meydana buraxacaqmı?

“Qarabağ” bu millət üçün çox iş görüb. Müharibədən əvvəl bu klub bizi torpaq dərdindən çərləyib ölməyə qoymadı, əksinə qələbələri ilə Qarabağa yaxınlaşdırdı. “Qarabağ”a sevgimiz ötəri deyil, qalıcıdır. O səbəbdən qınağımız da, tənqidimiz də yalnız sevgimizdən, sayğımızdan doğur. Nə olsa belə, “Qarabağ”ın qarşısında deyil, yanındayıq...

Nazim SABİROĞLU

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!