Xalqı pis öyrəşdirən “Qarabağ”

27 Avqust 2022 15:00 Köşə 2 598
Xalqı pis öyrəşdirən “Qarabağ”

“Viktoriya”ya uduzan “Qarabağ” mübarizəni Avropa Konfrans Liqasında davam etdirəcək.

Avropanın ortabablarının çıxış etdiyi, “köhnə qitə”nin ikinci dərəcəli beynəlxalq yarışında.

Həmin turnirdə ki, “Mançester Yunayted”, “Arsenal”, “Latsio”, “Roma” kimi dünya nəhəngləri iştirak edir, “Frayburq”, “Monako”, “Feyenoord” kimi tanınmışlar oynayır.

Biz azərbaycanlılar isə Avropa Liqasına ağız büzürük, futbolu olmayan ölkənin təmsilçisinin “Mançester Yunayted”lə eyni yarışda çıxışını bəyənmirik.

“Qarabağ” xalqı pis öyrəşdirib. Polşanın, İsveçrənin, Macarıstanın çempionlarını nokaut etməklə ağzımıza şirə verib. İndi o şirəni təmizləmək istəməsək də, bacarmırıq.

Hə, Çempionlar Liqasının qrupunun bir addımlığında idik. Şahruddinlə bəzi futbolçuların səhvi olmasaydı, indi nəhəng rəqiblərin adını gözləyirdik. Alınmadı. Həmişə alınmalıdır deyə qayda var məgər?

Yoxsa “Qarabağ” dünya nəhəngidir, xəbərimiz yoxdur? Olmaya buna qədər 3 dəfə mötəbər yarışın qrupunda oynamış “Viktoriya”ya səfərdə 1:2 hesablı məğlubiyyət rəzalətdir, bilmirik?

Razıyam, Şahruddin “çərçivə”də etibarlı deyil. Daha bacarıqlısını cəlb etmək olar. Amma həmin qapıçının da komandanı uduzdurmayacağına yazılı zəmanət verən varmı?

Dünya çempionatında Messinin penalti zərbəsini dəf edən Hannes Haldorssonun “Qarabağ”dakı necə çıxış etdiyini və Azərbaycanda nə qədər duruş gətirdiyini unutmamışıq. Vaxtilə “Çelsi”də əlcək taxmış Asmir Beqoviçin “quşlar”ı da bəzən canlı səhnə kimi gözlərimizin önündən keçir. Guya İbrahim Şehiçin kobud səhvlərə yol vermirdi?

Qurban Qurbanov qapıçı transferində maraqlı deyilsə, demək ki, bildiyi nəsə var.Qanı bir, canı bir oğlu çempionatda qolları sıraladığı halda adam Musaya avrokuboklarda şans vermirsə, Şahruddinə dini inanclara görə day-daylıq etdiyini iddia etmək absurddur.

Yuxudan ayılmaq zamanıdır, bəylər. Azərbaycan klubunun yeri nə Çempionlar Liqasının qrupudur, nə də Avropa Liqasının. Heç Konfrans Liqasının da yox.

Yerimizin hara olduğunu illərdir digər Azərbaycan təmsilçiləri avrokubok matçları zamanı göstərir. Futbolda “Qarabağ” adlı möcüzəvu dəyərimiz var, ona sahib çıxmağı bacaraq. Pis və yaxşı günündə.

Futbolda udmaq da var, uduzmaq da. “Hər zaman udmalısan” anlayışına dağ boyda “Real”la “Barselona” sadiq ola bilmir, o ki qalmışdı “Qarabağ”.

“Viktoriya” gedib haqq etdiyi Çempionlar Liqasında oynasın. Biz isə Avroliqadakı “Qarabağ”a dəstək verək, sahiblənək, arxasında duraq və hər il bu cür olmasına dua edək.

HƏBİB

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"