2 bokal pivənin puluna edilən etiraz – “Qarabağ”ın oyununa bilet 5 manataymış

7 Avqust 2022 17:00 Köşə 1 820
2 bokal pivənin puluna edilən etiraz – “Qarabağ”ın oyununa bilet 5 manataymış

“Qarabağ” Azərbaycan Premyer Liqasının “Səbail”lə açılış oyunu ilə bağlı sosial şəbəkə hesablarında elan yerləşdirib ki, bəs, biletin qiyməti 5 manat olacaq.

Xəbər azarkeşlər tərəfindən əsəblə, hətta deyərdim ki, nifrətlə qarşılanıb.

Niyə? Nə səbəbə? Nədir bu qəzəbin səbəbi?

Yayın cırhacırında sizi Respublika stadionuna toplayıb, evə gülərüzlə yola salan, avrokubok həyəcanının nə olduğunu futbolu olmayan Azərbaycanda başa salan həmin “Qarabağ”dır da. Gecə yuxunuza haram qatıb sizi televizor qarşısında Poznanda, Sürixdə, bir neçə gün sonra Budapeştdə oyun izləməyə məcbur edəcək həmin “Qarabağ” deyil?

“Qarabağ” ha “Ferentsvaroş”a qarşı oynadı, ha “Səbail”ə, ya da “Sabah”a qarşı. Sizin üçün fərq edən nədir? Kadinin fintlərini, Vadjinin öldürücü zərbələrini, Şahruddinin seyvlərini izləməyə gəlmirdiniz? İndi də gəlin də.

Olmaya Respublika stadionuna rəqib komandalara görə təpik döyürdünüz, xəbərimiz yoxdur. Elədirsə, deyin. “Qarabağ”a rəhbərlik edənlər də bilib qiyməti 5 manatdan 1 manata endirər bəlkə. Anlayarlar ki, avrokuboklarda 5-10 manatı “Sürix”ə, “Ferentsvaroş”a görə xərcləmisiniz, “Qarabağ”a görə yox.

“Qarabağ”dan Avropa arenalarında uğur istəyirsiniz, deyilmi? Ki, uğur qazansın, dünyaya səs salsın, Azərbaycanın adı dillər əzbəri olsun. Onlar bunu etməyə çalışır. Bəs, sizin uğurdakı qatqınız hanı?

İlboyu dostlarla pivəyə, qəlyana, mürəbbəli çaya xərclədiyiniz pulun 100 manatı aşdığının fərqindəsiniz. Sizə, elə mənə də heç nə verməyən həmin pivəylə qəlyanı deyirəm. Məgər “Qarabağ”a görə 100 manatdan keçməyə dəymir?

O pullar Abdulbari Gözəlin, ya da Əmrah Çəlikəlin cibinə, evindəki soyuducunu doldurmağa getmir. O pullar “Qarabağ”ın inkişafına, gecə-gündüz tələb etməkdən yorulmadığınız əcnəbi futbolçuların transferlərinə, uçuş puluna, xarici səfərlərdə məskunlaşmaq xərcinə, sizi göyün yeddinci qatına qaldıran futbolçuların otaqlarının təmizliyinə baxan xadimələrin maaş xərclərinə gedir.

“Səbail”lə oyunun 5 manata satılması baha imiş. 2 bokal pivə, ya da paçkayarım siqaretin qiymətinə.

HƏBİB

Xəbər Lenti