
Samir Abasov indi haradadır, nə iş görür – özündən və doğmalarından yaxşı bilən olmaz.
Bizim bildiyimiz odur ki, özündənrazı məşqçi bundan sonra “Neftçi”ni çalışdırmayacaq.
Ötən il qazandığı çempionluğu əlində bayraq edib düz 1 il əlində gəzdirən 44 yaşlı çalışdırıcı klub rəhbərliyi tərəfindən yola salındı.
Avrokuboklardakı uğursuzluq, ölkə kubokundakı fiasko, çempionatda “Qarabağ”dan 19 xal geri düşmək, azarkeşlər və jurnalistlərlə münasibəti qaydasında saxlaya bilməmək Abasovun gedişini şərtləndirdi.
Son mövsümdə ayağının altını görməyən Samir bəyin bundan sonra geriyə boylanıb atdığı addımların səmtini təhlil etmək üçün kifayət qədər zamanı olacaq.
Transfer məsələlərində, ətrafdakılarla davranışda, xarakterindən yerində və doğru istifadə etməkdə, futbolçularla dil tapmaqda çox ciddi problemlərlə üzləşən mütəxəssisin növbəti iş yeri hara olacaq, demək çətindir.
Bəlkə də 2 aydan sonra işləyəcək, bəlkə də 2 il yoxa çıxacaq, zaman göstərəcək.
Amma adam klub rəhbərlərində özü haqda heç də xoş təəssüratlar yaratmayıb.
Ötən yay öz yaxasını kənara çəkib transfer gecikməsinə görə klubun başbilənlərini “güllənin önünə” verən Abasovun jurnalistlərlə normal münasibət saxlamaqda çətinlik çəkməsinin acısını “Neftçi” çəkirdi.
Baş məşqçinin azarkeşlər və media mənsubları ilə düşmən olması klubun işini çətinə salırdı.
“Qarabağ”da nəsildəyişmə yaşandığı bir vaxtda çempionluğu güc-bəla ilə bayram edən “Neftçi”nin baş məşqçisi məlum uğurun təsadüfi olmadığını sübut etməkdə çətinlik çəkdi.
Sonrakı ardıcıl uğursuzluqlar Samir bəyin uğuruna ciddi mənada kölgə saldı. Yəni məşqçi kimi də xüsusi tərifə layiq olmadığını göstərdi.
Bundan sonra necə olacağını zaman göstərəcək. Abasov əlinə düşən fürsətdən maksimum yararlanıb özünə əl gəzdirməli, top klublarda nəticə qazanmaq üçün məşqçilik bacarığını artırmalıdır.
Ara-sıra saytları oxuyub həm məlumatlanması, həm də maariflənməsi pis olmaz.
Yolunuz açıq olsun, bir vaxtlar “Neftçi”nin Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanovun Müstəqil Komediya Teatrında səhnə quraşdırmağa “göndərdiyi” məşqçi.
HƏBİB