“Xudayar təsnifi”, De Byazi, 20 manatlıq ked və sillə-təpik...

12 İyun 2022 15:00 Köşə 2 242
“Xudayar təsnifi”, De Byazi, 20 manatlıq ked və sillə-təpik...

Azərbaycan mini-futbol yığması qarşısına çıxan növbəti rəqibini də əzişdirərək finala vəsiqə qazandı.

Yarımfinal günü “mini”nin üzvləri Slovakiyada Qazaxıstan önündə əsl qəhrəmanlıq nümayiş etdirib 1:2-ni 3:2-yə çevirdikləri halda, Canni de Byazinin yetirmələri Slovakiyaya məğlub olmamaq üçün əllərini göyə açıb Allaha dua edirdi.

Xeyri olmadı. Stadiona toplaşanlar “Dalğa Arena”nı yenə söyə-söyə tərk etdi.

Bəlkə də Tanrının təsadüf üstündə qurduğu plandır, bəlkə də zərurətdir, axır nədirsə, bu iki oyunun eyni gündə, eyni saatda keçirilməsində mütləq bir hikmət var.

Məşqçisindən ehtiyatda oturan futbolçusuna kimi – hamısı azərbaycanlı olan mini-futbol millimiz ölkə idmanı tarixində kollektiv idman növündə ilk dəfə Avropa çempionatının finalına yüksələn yığma kimi tarixə düşdü.

Onlar kimlərdir? Canı canımızdan, qanı qanımızdan olan azərbaycanlılar, Vətən Müharibəsinin zillətini çəkmiş oğullar, Azərbaycan bayrağının və himninin hansı məna verdiyi dərk edən igidlər, hər oyundan əvvəl arenada “Xudayar təsnifi”ni səsləndirən qəhrəmanlardır.

Onlar həm də 20 manatlıq idman ayaqqabıları ilə zallarda təpik döyənlərdir. Onlar təri təkcə top dalınca qaçanda yox, məşqə gedib-gələndə avtobus və metrolarda tökənlərdir. Onlar Rövnəq Abdullayevlə Elxan Məmmədovun əsarətində olmayan millinin üzvləridir.

Həmin oğullar Avropanın “göbəyində” tarix yazdığı dönəmdə Azərbaycanın futbol millisini Nur-Sultanda sillələyib atdılar Novi-Sada, oradan təpikləyib göndərdilər Mərdəkana, burada da tulladılar Xəzərə ki, onsuz da Millətlər Liqasında qrupdan çıxmaq arzunuz ürəyinizdə qaldı, ən yaxşısı Xəzərdə boğulub ölün, səsiniz çıxmasın.

Canni de Byazinin çantasını belinə bağlayıb İtaliyaya yola salmaq üçün ələ əla imkan düşüb. Onsuz da mübarizə bizim üçün başlamamış başa çatdı. Belarusla görüşdən sonra əcnəbi çalışdırıcı ilə yolları ayırıb baş məşqçi postunu yerli mütəxəssislərdən birinə tapşırmağın vaxtıdır.

Həmin məşqçi ilə futbolçuların növbəti toplanışında mini-futbol millisinin oyunlarını izlətdirib, komandanı Riçarddan, Eddidən, Alekseydən, Anatolidən, Şahruddindən, Bədavidən, Rüfətdən təmizləyib, “Xudayar təsnifi”ni dinlətdirib buraxırsan meydana.

İnanın, əlimizə bir də belə fürsət düşməyəcək. Bıçağın sümüyə dirəndiyi, mini-futbolçuların sayəsində tüklərin biz-biz durduğu vaxtdır.

Sadəcə bunu bacaran KİŞİ lazımdır, KİŞİ!

HƏBİB

Xəbər Lenti