Yazığıq, vallah, yazıq

5 İyun 2022 17:40 Köşə 2 947
Yazığıq, vallah, yazıq

O dərəcədə küsdürüblər ki, adamlar stadiona getmək bir tərəfə, televizorun qarşısında oturub millinin oyununa baxmaq istəmir.

Nə yalan deyim, Azərbaycan seçməsinin qazaxlarla görüşünü izləmək həvəsində deyildim.

Mənasız oyuna sərf etdiyim vaxtımı daha dəyərli şeyə həsr etmək imkanım varsa, niyə də olmasın?

Amma iş elə məcburiyyətdir ki, oyuna baxmasan yazı yaza bilmirsən, yazı yazmasan pul qazana bilmirsən, pul qazanmasan...

Hə, bunu anlamamaq üçün məşqçi və futbolçu heyəti qədər zəif və bacarıqsız deyiləm. Ayın axırında uşağın qarşısında başıdik dayanmaq üçün mtüləq Qazaxıstan – Azərbaycan qarşılaşmasını izləməliydim. Övladım və ailəm üçün.

Ağır məsuliyyəti dərk etdiyimiz halda ağır xəstəlik riskini də göz önünə gətiririk. Amma nə etməli? Dişimizi dişimizə sıxıb bir təhər dözürük. Millinin hər oyunu əsəbləri tarıma çəksə də, məcburiyyətdən oturub baxırıq.

Bilirəm, gedən məndən və sizdən gedir. Əhvalımız korlanır, sağlamlığımızda sonradan dərindən hiss edəcəyimiz problemlər yaranır, dilimiz futbolla maraqlananların yanında qısalır. Yəni olan bizə olur.

Onlar nə edir? 15-20 nəfərlik futbolçu, məşqçi, həkim, inzibatçı heyəti ehtiyat oyunçular skamyasında oturub oyuna baxır, meydandakı 11 nəfər topun dalınca qaçır, milli uşaq səhvlərindən qollar buraxır və oyun qurtarır. Vəssalam! Oyun qurtarır. Həyat onlar üçün davam edir.

Canni de Byazi yığmada, futbolçuları klublarında maaşını almaqda davam edir. Növbəti oyunlar gəlir, yenə eyni hal təkrarlanır. Növbəti məğlubiyyətlər də unudulur.

Olan yenə bizə olur. Canımız əldən gedir, əsəblərimiz pozulur, yığmanın formasını əyninə yapışdıranlara görə yaxınlarımızla üz-göz olur, əlimizə keçəni ya yerə, ya da divara çırpırıq.

Ey şanlı ölkəmin bədbəxt olmuş futbolunun başında duranlar, xalqa yazığınız gəlsin. Göndərin o italiyalını. Yola salın Dmitrini, Alekseyi, Riçardı.

Ölkənin bir nömrəli futbol komandasını tapşırın ölkənin vətəndaşına – Arifə, Aftandilə, lap elə Məhəmmədə. Müqəddəs formanı etibar edin ölkənin balalarına – həmin gün U-21-in heyətində “at oynadan” Ceyhuna, Musaya, Raufa.

Yetər artıq! Şəxsi maraqlarınızı düşündüyünüzün 1 faizi qədər insanların sağlamlığını düşünün. Yazığıq, vallah, yazıq.

HƏBİB

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı