“Kral”ın praqmatik siyasəti - TƏRS BUCAQ

5 İyun 2022 13:40 Köşə 1 409
“Kral”ın praqmatik siyasəti - TƏRS BUCAQ

Yəqin ki, ötən həftə çoxları yanıldı, elə mənim kimi. Bukmeker kontorları da biz deyəni deyirdi,

“Liverpul”u Çempionlar Liqasının final qarşılaşmasının favoriti hesab edirdilər.

Amma “Real” bizim saydığımızı saymırdı axı.

Əslində “Liverpul”u finalın favoriti görmək üçün xeyli arqumentimiz də vardı. Dünyanın ən güclü hücum xətti, etibarlı müdafiə və yaradıcı yarımmüdafiə.

Hamı şübhə etdiyi bir vaxtda...

“Real” bunun qarşısına kimlərlə çıxırdı? 34-35 yaşlı Kroos, Modriç, Benzema “Liverpul”a hansı təhlükəni yarada bilərdi ki? Hələ Ronaldo “Kral sarayı”nı tərk edəndə bu komandanın çökəcəyini iddia edirdilər. Sonra Beyl elə hesab etdi ki, Ronaldo yoxdursa, o əvəzedilməzdir. Amma “kral”ın praqmatik siyasəti başqa şey deyirdi. Beyli ehtiyata oturtdular. Ramos da şərt diktə etdi. “Kral” “yaxşı yol” dedi. Bundan sonra ən qatı “Real” tərəfdarları şübhələnməyə başladılar: bu komandadan uğur gözləməyə dəyər? Bəlkə də, hamı şübhə etdiyi bir vaxtda, Florentino Peres arxayın idi. “Real”ın maraqlarından böyük heç kim yoxdur” fəlsəfəsini formalaşdıran Peres.

“Liverpul” oynadı, “Real” dağıtdı

Final qarşılaşmasında “Liverpul” oynadı, “Real” dağıtdı. Bəli, qarşılaşmanın tərifi məhz belə verilməlidir. Amma oynayan yox, dağıdan nəticə qazandı. Bir-iki həftə müzakirə gedəcək və tarixdə nəticə qalacaq. Onda heç kim “Real”ın dağıdıcı futbolunu yada da salmayacaq.

Hanı Ronaldo, hanı Beyl, hanı Ramos?

Baş məşqçi Karlo Ançelotti italyan futbol fəlsəfəsini mükəmməl tətbiq etməklə “Liverpul”un inanılmaz hücum potensialını elə zərərsizləşdirdi ki... Bilirəm, çoxları qəzəblidir, yaradıcı futbolun dağıdıcı futbola məğlub olmasına görə. Amma nə edə bilərik, hələ ki, italyanların bu taktikası özünü doğruldur. Onları bundan imtinaya məcbur etmək üçün yaradıcı futbol daha da inkişaf etməlidir. O həddə qədər ki, dağıdıcı futbol qarşısında məğlub olmasın.

İndi isə Ançelottini oynatdığı futbola görə tənqid etməyə haqqımız yoxdur. Adam, sərəncamında olan futbolçuların potensialından mükəmməl yararlandı. Hanı Ronaldo, hanı Beyl, hanı Ramos? 33-35 yaşlı Modriçin, Benzemanın, Kroosun komanda üçün faydalı olacağını müəyyənləşdirmək, onların oyun fəlsəfəsinə uyğun taktika qurmaq su içmək deyil ey...

“Real”dan böyük futbolçu yoxdur

Bəs Modriçin, Kroosun, Benzemanın yanında olanlar kimlərdir? Heç çoxunun adı futbol dünyasında tanınmır axı. Militao, Mendi, Rodriqo, Kamavinqa... Adlarını da düz yaza bilmirik hələ ki. Hələ ki... Amma çox keçməz, onların adı dilimizin əzbəri olar. “Kral”ın praqmatik siyasəti sayəsində. Praqmatik siyasət diktə edir: “Real”dan böyük futbolçu yoxdur. İndi bir dönün PSJ-yə baxın. Orada PSJ-dən böyük neçə futbolçu görürsünüz? Çempionlar Liqasının finalında dağıdıcı futbol qalib gəldi, amma “kral”ın praqmatik siyasəti nəticəsində. İdarəetmədə bu amilə diqqət!

Natiq Muxtarlı

Xəbər Lenti