Samir Abasovla bağlı “Neftçi” rəhbərliyinin bilməli olduğu ÖNƏMLİ FAKTLAR

17 May 2022 20:00 Köşə 2 151
Samir Abasovla bağlı “Neftçi” rəhbərliyinin bilməli olduğu ÖNƏMLİ FAKTLAR

Samir Abasov hər dəfə ağzını açanda ötənilki çempionluqdan danışır.

Azarkeşlə bağlı sual verirsən, “çempion olmuşam” deyir, oyunla bağlı sual verirsən, yenə eyni sözü təkrarlayır, gələcəyi ilə bağlı suala yenə həmin ifadə gəlir.

Əlacı olsa Rusiyanın Ukraynaya hərbi hücumunu da “Neftçi”nin çempionluğu ilə əlaqələndirər.

Daha anlamır ki, adama dünənə görə “çox sağ ol” deyib, “bu gün nə etmisən” sualını verirlər.

Bəli, “ağ-qaralar” “Qarabağ”da nəsildəyişmə prosesi gedəndə, ağdamlıların son 10 ilin bəlkə də ən ağır dönəmini keçirəndə “qızıl”ı əzəli rəqibinin əlindən almağı bacardı. Abasov məşqçilik bacarığını ortaya qoyub, istəyinə çatdı.

Hə, bəs, sonra nə oldu? Samir bəyin məşqçilik karyerasının davamı necə gəldi? Yadından çıxıbsa, xatırladaq.

Komanda avrokuboklarda “Dinamo”nu (Tbilisi) güc-bəla ilə keçib, növbəti mərhələlərdə “Olimpiakos”, HİK, “Makkabi” kimi komandalara boyun əydi. Halbuki son iki rəqibini keçmək üçün əla imkanı vardı. Bacarmadı.

Yayda komandaya çox sayda legioner cəlb olundu: Huqo Basto, Romen Bask, Xorxe Korrea, Harramiz Soareş, Sezar Meza Kolli, yerlilərdən Xəyal Nəcəfov.

Bu gün adları çəkilənlərdən yalnız Sezar komandası üçün vacib fiqur sayılır. Yerdə qalan 4-ünün komandaya lazımsız olduğu aşkara çıxdı, Xəyal isə ehtiyatda oturub pulunu qazanır. Abasov seleksiya işində də yanıldı, yüzminlər havaya sovruldu.

“Neftçi” çempionluq titulunu “Qarabağ”a mübarizəsiz-zad, rahat şəkildə təhvil verdi. Ağdamlılar sona 3 tur qalmış “qızıl”ı bayram etdi, bu gün “Qarabağ”la “Neftçi” arasındakı xal fərqi 16-dır. Halbuki indiki büdcə və bu heyətlə bakılılar çempionluq şansını son tura qədər davam etdirməli, bu qədər xal fərqinin yaranmasına imkan verməməliydi.

Bütün bunların fonunda ümid ölkə kubokuna qalmışdı ki, o da əldən çıxdı. Azarkeşlər sevimli komandasının final xəyallarını qurduğu zamanda Samir Abasov yarımfinalda Rəşad Sadıqova, “Neftçi” isə “Zirə”yə uduzdu. Növbəti titul da bu cür əldən çıxdı.

Baş məşqçinin azarkeşlərlə münasibəti qaydasında deyil. “Qəbələ”yə məğlubiyyətdən sonra içindəkiləri dilinə gətirən, sonradan klub televiziyasına verdiyi açıqlama ilə “malalama əməliyyatı” keçirən Abasov, son matçdan sonra “azarkeşlərlə telefonda danışmışam” deməklə buzları əritməyə çalışsa da, əsl niyyətini Qəbələdə ortaya qoymuşdu. Azarkeşlər onu sevmir, bu, qətidir.

2 il ərzində 4 mümkün tituldan yalnız 1-nə yiyələnən, avrokubok mövsümünü faciəvi şəkildə boşa verən, özündən başqa heç kimi bəyənməyən birinin karyerasını “Neftçi”də davam etdirmək istəyi həvəsdən başqa bir şey olmamalıdır.

Adamın bir çıxış yolu var, rəhbərliklə əl sıxıb getmək. Daha onların verəcəyi qərarı gözləmək yox.

Çempionluğu əlində bayraq edən Samir Abasov bu yazını oxusa, özünə əsl qiyməti verməyi bacaracaq. Gözlərinizə sağlıq, bəy. Oxuyun, agah olun.

HƏBİB

Xəbər Lenti