Haqqını yedilər – Güman edirəm, bir də belə səhvə yol verməzsən

10 May 2022 19:40 Köşə 1 907
Haqqını yedilər – Güman edirəm, bir də belə səhvə yol verməzsən

Rövşən Hüseynli çox istedadlı futzalçıdır. Həm də peşəkardır.

Qarşısına hədəf qoyub, yorulmadan çalışır.

Üstəlik, nizam-intizamlıdır, düşüncəsi sağlamdır.

Bir sözlə, istedadı imkan verir ki, güclü çempionatlarda güclü komandaların şərəfini qorusun. Düzü, o, Nijni-Novqorod “Torpedo”su ilə müqavilə bağlayanda təəccüblənmişdim.

Həmin ərəfə idi ki, Rusiya Ukraynaya işğalçı hücuma başlamışdı. Rusiya idmanı dünya idmanından tam təcrid olunurdu. O cümlədən işğalçı ölkənin futzal klubları da beynəlxalq yarışlardan kənarlaşdırılırdı.

Belə bir məqamda Rövşənin Rusiyaya üz tutması təəccüblü idi. Amma yenə də hər şeyi Rövşənin peşəkarlığına bağladım. Fikirləşdim ki, yəqin, elə nüanslar var ki, xəbərsizik, Rövşən nə etdiyini yaxşı bilir.

Amma içimdə bir şübhə vardı. Nə şübhə? Həli illər əvvəl Azərbaycan futzalının daha bir istedadlı nümayəndəsi – Vitali Borisov Rusiyada legioner həyatı yaşamışdı.

Həmin vaxt ondan “Komanda” qəzeti üçün müsahibə almışdıq. “Orada sənə münasibət necə idi” sualına Vitali belə cavab vermişdi: “Rusiyada bizimkilərə münasibət o qədər də yaxşı deyil”.

Hesab edirəm ki, Vitalinin bu cavabında şərh olunası nə isə yoxdur. Rusiyada, hətta rus olan gəlmələrə də münasibət yaxşı olmur.

Bu ölkə tam olaraq şovinizmin caynağındadır. Rövşənə münasibətin yaxşı olmayacağına əmin idim.

Nə qədər yağlı vəd versələr, inandırsalar da, əmin idim ki, Rövşən yerli qapıçıdan 2 dəfə üstün olsa da, onun haqını yeyəcəklər.

Şübhəm doğruldu. Şovinist ölkədə necə davranırlarsa, eləcə də davrandılar Rövşənlə.

Amma yaxşı ki, müqavilə cəmisi 2 aylıq bağlanmışdı. Neynək, səhvlər olmalıdır ki, ondan nəticə çıxardaq. Amma azərbaycanlı futzalçılar, təkcə futzalçılar yox, bütün idmançılar bu dərsi unutmamalıdırlar.

Rusiya şovinist ölkədir. Heç bir halda o ölkədə karyera haqda düşünməyin. Mozambikə, Nepala, Nigerə gedin, amma Rusiyaya əsla. Keçmiş olsun, Rövşən.

Güman edirəm ki, bir də belə səhvə yol verməzsən.

Natiq Muxtarlı

Xəbər Lenti