Premyer Liqa, dopler müayinəsi və “Kəpəz”lə “Turan Tovuz”

7 May 2022 20:40 Köşə 1 828
Premyer Liqa, dopler müayinəsi və “Kəpəz”lə “Turan Tovuz”

“Turan Tovuz”la “Kəpəz”in növbəti mövsümdə Premyer Liqada iştirak edəcəyi ilə bağlı xəbəri eşidəndə yadıma yaxın keçmişdə baş vermiş təsirli əhvalat düşdü.

Günlərin birində uzun illərdir övlad üzünə həsrət qalan kasıb ailənin müjdəsi yayılmış ki, bəs, filankəsin xanımı hamilədir, filan vaxt dünyaya körpə gətirəcək.

Ailə kənddə, çətinliklər içində yaşayırdı. İllərdir evlərində olanı satıb, ciblərində qalanı müalicələrə xərcləyiblər ki, təki evdən körpə səsi gəlsin.

Uşaq dünyaya gələcək, amma xəstəxanaya verməyə pul yox idi. Evdə körpə üçün nə yataq vardı, nə paltar, nə də rahatlığı üçün şərait. Valideynlərin arzusu uşağın dünyaya gəlməsiydi. Ki, ruzisini Allah yetirəcək.

Uşaq hələ ananın bətnində olanda dopler müayinəsi ilə genetik testin cavabı üzücü olmuşdu: körpə işıqlı dünyaya sağ çıxmayacaq! Ata qorxu içindəydi, qıvrılır, özünə yer tapa bilmirdi.

Ana israr edirdi – uşaq doğulmalıdır! Xəstə halı, ölümcül vəziyyəti ilə mənimdir, vaxtından əvvəl tələf olunmasına razı ola bilmərəm.

Qonşuların, yaşlı adamların, hətta həkimlərin də bətndəki insanı tələf etməsi ilə bağlı məsləhətinə qulaq asmırdı ana. Hətta doğuş zamanı özünün də ölmək riski vardı. Və bunu bilə-bilə uşağı dünyaya gətirəcəyi günü gözlədi, yekunda xəstəxanaya aparıldı.

Dualara kömək etmədi. Doğuşdan sonra ana çətinliklə sağ qalsa da, uşaq gözlərini açmamış yumdu.

İllərdir qohumların ürəklərə dağ qoyan bu əhvalatı futbolla yanaşı tutmağım nə dərəcədə doğrudur, bilmirəm. Bu dərdlə yaşayan oxuculardan dönə-dönə üzr istəyirəm.

Amma “Turan Tovuz”la “Kəpəz” indi həmin ailənin vəziyyətindədir. Böyük futbol Gəncə ilə Tovuza qayıdır. Amma yaxın gələcək heç də xoş görünmür.

Artıq indidən həyəcan təbili çalınır ki, 300-500 min manatla komanda saxlamaq formallıqdan başqa heç nəyə xidmət etməyəcək.

Qərb səfərləri paytaxtın iddialı komandaları üçün qorxulu yuxuya çevrilməyəcəksə, 3-5 turdan sonra bölgələrdəki tribunalarda gördüyümüz ab-havadan əsər-əlamət qalmayacaq. Azarkeş söyəcək, futbolçu bezəcək, baş məşqçilər əlcək kimi dəyişdiriləcək.

Təki gümanımda yanılım. Amma bugünkü durum mənə həmin ailənin vəziyyətini xatırladır. Xoş xəbər var, di gəl, gələcək işıqlı görünmür.
Allah qorusun!

HƏBİB

Xəbər Lenti