Qurban Qurbanovu hövsələdən çıxardanlar

4 May 2022 20:00 Köşə 1 413
Qurban Qurbanovu hövsələdən çıxardanlar

“Bundan sonra, ümumiyyətlə, fikir bildirməyəcəyəm.

Fikirlərimizə önəm verilməyəndə bizə öz işimizlə məşğul olmaq qalır.

Qərarlara təəccüblənmədim, ciddi dəyişiklik olmadı. İcraiyyə Komitəsində necə istədilərsə, o da oldu.

Görünür, dərindən düşünüb qərar veriblər. İstənilən halda, özüm və komandam Azərbaycan futboluna layiqincə xidmət etməyə çalışırıq”.

Bu fikirlərdə nə yoxdur ki... Qəzəb, ironiya... Kimin fikirləridir? Qurban Qurbanovun. AFFA İcraiyyə Komitəsinin heç bir qərar qəbul etmədiyi iclasından sonra verilib.

Amma müzakirələr aparılırdı axı. Hamı düşünürdü ki, bunlar, nəhayət ki, ağıllanıblar, legioner limitinə əl gəzdirəcəklər. Ancaq yığışdılar, danışdılar, heç bir dəyişiklik etmədən dağılışdılar.

Yazıq Qurban Qurbanov, daha nə desin ki, bundan sonra. Deyir ki, bu adamlar nə istəyirlər, onu da edirlər.

Deyir ki, bu adamlar bizə işləmək imkanı vermirlər. Deyir ki, bu adamlar, yəqin ki, çox “ağıllıdırlar”, güman ki, düşünüb qərar verirlər. Öldürücü ironiyadır.

Əslində hər kəsə bəllidir ki, bu adamlar düşünə bilmirlər. Bu adamların işi yaltaqlanmaq, çapıb-talamaqdır.

İndi yapışasan Elmar Məmmədyarovun yaxasından, deyəsən ki, ay uğursuz diplomat, nəyi əsas gətirib limitə dəyişiklik etmədiniz?

İndi tutasan Elşad Nəsirovun 50 min dollar qiyməti olan kostyumunun yaxasından, deyəsən ki, ay “boz kardinal” SOCAR-da çapıb-taladığın sənə yetmir ki, futbol təsərrüfatında da monopoliya yaradırsan.

İndi Vaqif Sadıqovdan soruşasan ki, sən Allah, özünü peşəkar sayırsan? “Hə” cavabını versə, deyəsən ki, peşəkar Elşadın, Elmarın, Mahirin, Zaurun, Raufun diktəsi ilə oturub-durmaz.

Baxasan Rauf Əliyevin gözlərinin içinə və soruşasan ki, indi hansı ölkədə futbol akademiyası açmaq planın var. “Elə bir ölkə ağlıma gəlmir” deyəndə, təklif edəsən ki, get Hollandiyada – Amsterdamda gör bu iş.

Bu adamlar Qurban Qurbanovu da hövsələdən çıxartdılar. Qeyri-peşəkarlıqları, axmaq qərarları ilə. Daha nə desin Qurbanov?

Adam 5-6 cümlədə hər şeyi deyib. Deyib ki, bu adamlar bizə mane olurlar.

Deyib ki, bu adamlar durduqca, güclü komanda formalaşdırmaq mümkün olmayacaq.

Deyib ki, bu adamlar kötükdürlər inkişafın qarşısında. Doğramaq lazımdır bu kötükləri.

Natiq Muxtarlı

Xəbər Lenti