Bölgə futboluna atılan LƏKƏ - Buna görə də...

26 Aprel 2022 22:20 Köşə 2 940
Bölgə futboluna atılan LƏKƏ - Buna görə də...

Region Liqasının 1/4 final mərhələsinin cavab görüşü çərçivəsində bazar günü keçirilən, amma yarımçıq dayandırılan "Cəbrayıl" - "Energetik" matçında yaşananlar hələ də müzakirə olunmaqdadır.

Başverənlərin qısa xironikası belədir ki, hakim səhvlərinə əsəbləri tab gətirməyən qonaq komandanın futbolçuları sərt etiraz etmiş, hətta bəzi futbolçular onu təpik-yumuruğa "qonaq" etmişdi.

Bəli, yaşananlar çox yanlış idi. Hakim səhv edə bilər, qərəzli ola bilər, bir komandanın haqqını "yeyə" də bilər, amma onun hesabı binədəki kimi sorulmamalıdır. Zorakılıq haqq tələb etmək üçün fasitə ola bilməz. Sivil yollara baş vurmaq, haqqını tələb etmək kimi üsullar var. Nə dövrdə yaşayırıq axı?

Amma məni daha çox narahat edən yaşanmış qalmaqala göstərilən bəzi reaksiyalardır.

Sanki kimlərsə məqsədli şəkildə görüntü yaratmağa çalışır ki, buyurun, bu da sizin gecə-gündüz haqqında danışdığız region. Həə, işbazların əlinə gözəl fürsət düşüb. Əslində bu fürsətbazlıq köhnə peşədir.

Lənkəran, Gəncə, Tovuz kimi şəhərlərin komandalarının dağıdılmasına da illərdi məhz belə "don" geyindirilir. Ki, azarkeşlər hakim döyür, futbolçu döyür, zorakılıq edir, amandı öhdəsindən gəlmək olmur. Elə ən rahatı paytaxt klubları ilə ötüşməkdir.

Əvvəla, yaşananlar həvəskar futbolçuların cəm olduğu həvəskar liqada baş verib. Bir sözlə, hər şeyin həvəskarca keçirildiyi, nizamlandığı həvəskar yarışdan danışırıqsa başqa nə gözləyirdiniz?

Guya hakim döyən, rəqibə təzyiq edən, ancaq bizim bölgə tərəfdarlarıdır? Bu, dünyanın hər yerində var. Hətta həvəskar da yox, peşəkar liqaların, peşəkar klubların oyunlarında belə eyni hallar yaşanı(r)b.

Elə qonşu Türkiyədə eyni durumla dəfələrlə rastlaşmışıq. İndi durub Türkiyə Futbol Federasiyası həmin bölgələri futboldan təcrid etməlidir?

Bizim bölgələrdə hətta müharibə şəraitində, ölkənin müstəqil olduğu ilk illərdə də bölgə klublarının matçlarında bundan da böyük qalmaqallar, dava-dalaşlar yaşanıb. Demirəm ki, yaxşıdır, olmalıdır, amma bu sadalanlar da futbolun bir həssəsidir. Buna görə hansısa klubun qapısına qıfıl vurmazlar. Tarixi klubları məzarlığa göndərməzlər.

Ən sonda deyəcəyim və ən önəmli məsələ isə odur ki, bu ölkənin ən yüksək səviyyədə güc strukturları var. Kimsə fanatlıqdan, azarkeşlikdən ötə qalmaqal yarada, ölkədəki, bölgələrdəki sabitliyi poza bilməz. Yaşananlar isə bir futbol həvəsinin ən saf hisslərlə nümayişidir. Yüngülvari nəzarət yetərlidir ki, həmin həvəs qan-qadaya dönməsin. Vəssalam!

XANOĞLAN İMANOV

Xəbər Lenti