İbrahima Vadji, "Şamaxı", yoxsa "Marsel"?

18 Aprel 2022 17:20 Köşə 4 993
İbrahima Vadji, "Şamaxı", yoxsa "Marsel"?

Fransa çempionatında növbəti turun oyunu keçirilir. Lider PSJ "Marsel"i qəbul edir. Matçda 65-ci dəqiqə gedir (Yazı o an qələmə alınıb).

Heyətində Messi, Neymar, Mbappe kimi dünya ulduzları olan meydan sahibləri rəqibin böyük təzyiqi ilə üz-üzədir.

Düzdür, hesabda 2-1 üstünlükləri var, amma Sampaolinin yetirmələri hər an hesabı bərabərləşdirə bilər. Səfərdə oynamalarına baxmayaraq rəqibə doğru-düzgün hücum qurmağa, üstünlük yaratmağa imkan vermirlər.

"Marsel" bildiniz də hansı "Marsel"di? Bu komanda cəmi bir neçə həftə əvvəl Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"a rəqib olmuş və mərhələni keçmişdi.

Biz isə buna görə hər iki matçda fürsətləri sağa-sola xərcləyən İbrahima Vadjini tənqid atəşinə tutmuşduq.

"Qarabağ" rəhbərliyini, baş məşqçi Qurban Qurbanovu qınamışdıq. Ki, daha səviyyəli hücumçu olsaydı, biz bu rəqibi keçə bilərdik falan.

İndi həmin Vadji cəmi 2 gün əvvəl "Qarabağ"ın heyətində "Şamaxı"ya qarşı het-triklə yadda qaldı. Komandası isə 49 dəqiqəyə sığdırdığı 8 qolla qələbə qazanmağı bacardı.

İndi siz qərar verin - "Marsel"i keçə bilmədik deyə, problem Vadjidədir, "Şamaxı"dadır, yoxsa "Marsel"də?

XANOĞLAN İMANOV

Xəbər Lenti