De Byazinin Bakıya qayıtmamağının sirri

14 Aprel 2022 20:00 Köşə 1 538
De Byazinin Bakıya qayıtmamağının sirri

Azərbaycan yığmasının Maltada biabır olmasından 16 gün keçib.

O vaxtdan bəri yığmanın baş məşqçisi Cannini görən olmayıb.

Daha doğrusu, Azərbaycanda görən olmayıb. İtaliyada görünüb qoçaq. Ölkəsinin mətbuatına açıqlama da verib, azərbaycanlı futbolçuları qorxaq və xaraktersiz də adlandırıb.

Yəqin ki, gələcək karyerası üçün alibi axtarır belə açıqlama ilə. Yəni sabah Azərbaycan yığmasından ayrılanda deyəcək ki, uğursuz olmağımın səbəbi qorxaq və xaraktersiz futbolçularla işləməyimdə idi.

Bununla işimiz yox. Sorumuz odur ki, Maltadan birbaşa İtaliyaya gedən Canni niyə Azərbaycana qayıtmır?

O vaxtdan bəri Azərbaycan çempionatında 2 tur keçirilib, aprelin 15-16-da da bir tur olacaq. AFFA-dan da bildirilib ki, Byazi aprelin 15-dən sonra Bakıya gələcək. Yəni bu turu da buraxacaq.

Bəs Byazinin Azərbaycana belə gec qayıtmağının sirri nədir? Heç nə, sadəcə bağladığı müqavilə.

AFFA bütün əcnəbi məşqçilərlə belə müqavilə bağlayıb: gəlin bir-iki gün burada görünün, oyunları yola verin, sonra hara istəyirsinizə gedin.

Berti Foqtsdan üzü bəri belə olub. O vaxtı Foqts da Azərbaycana gəlmirdi, çempionat oyunlarını izləmirdi. AFFA isə belə deyirdi: köməkçiləri izləyir və məlumat verirlər.

Əcnəbilər müqavilə şərtlərinə uyğun davranırlar. Ona bu səlahiyyəti bağladığı müqavilə verir.

O müqavilə ki, orada Azərbaycan futbolunun maraqlarına zərbə vurulur. Canninin müqaviləsi əlində, Azərbaycandan apardığı milyonlarla dollar da cibində, ağılı da başında, özü də vətənində.

Byazinin Azərbaycana qayıtmamağının sirri bağladığı müqavilədədi, vəssalam. İşində ol, Canni, xoş istirahətlər. İşində ol, AFFA, xoş alverlər.

Natiq Muxtarlı

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”