Futbolumuza Rəşad Sadıqov, yoxsa Elxan Məmmədov lazımdı?

4 Aprel 2022 16:40 Köşə 1 437
Futbolumuza Rəşad Sadıqov, yoxsa Elxan Məmmədov lazımdı?

"Neftçi" - "Zirə" oyununun nəticəsinə təsir edən penaltinin olub-olmaması haqda fikrimi soruşurlar.

Tanıyanlar bilir ki, mən ağlım kəsəndən "Neftçi" azarkeşiyəm.

Rəhmətlik atam da "Neftçi"nin pərəstişkarı idi. Oğlum da futbolu sevsə genetikanı nəzərə alsaq, çox güman, "ağ-qara" rənglərə könül verəcək.

"Neftçi"nin hansı yerdə, hansı vəziyyətdə olmasına baxmayaraq hər zaman ürəyim bu klubladı.

Etiraf edim ki, beynəlxalq oyunlarda bəlkə də azarkeşlik damarı hansısa epizodu düzgün dəyərləndirməyə mane olur...

Amma dünənki epizoda rahat, sərbəst qiymət vermək üçün heç bir əngəl yoxdur.

"Neftçi"nin kağız üzərində çempionluq şansları qalsa da, hamı bilir ki, meydandan kənarda hansısa oyunlar getməsə "Qarabağ" çempionluğu finişdən xeyli əvvəl təmin edəcək.

"Neftçi"yə isə çempionluqdan başqa heç bir yer yaraşmır və klubun azarkeşləri də 2-ci, 3-cü və başqa yerləri hər zaman özləri üçün az qala təhqir sayır.

"Neftçi"nin heyətini və potensialını nəzərə alsaq klubun 2-ci yerdən aşağı düşməyəcəyini də proqnozlaşdıra bilərik. Amma dediyim kimi, tərəfdarlar bunu qəbul etmir və çempionluq yoxdusa gerisini boş verin.

Bunu niyə deyirəm? "Neftçi"nin "Zirə" ilə oyuna xüsusi prinsipiallıqla hazırlaşdığını düşünmürəm.

Çempionluq əldən gedib və oturub rahatlıqla gələn mövsümün planlarını qurmaq olar. Klub avrokuboklardan kənarda da qalası deyil.

O zaman İnqilab Məmmədov niyə belə bərbad hakimlik edirdi?

İnqilab demiş bir hadisə yadıma düşdü.

Rəhmətlik Fuad Musayev AFFA prezidenti olanda ona milliyə dəvət olunmuş futbolçuların siyahısını gətirirlər. Elçin Dərgahquliyevin soyadını görən Musayev "Çto za nefutbolnaya familiya?" sualını verir.

Bəzən bölgələrdə futbol olmamasının səbəbini azarkeşlərin "İstefa" şüarları ilə əlaqələndirirlər.

Deyilənə görə, bu sözdən AFFA rəhbərliyinin xoşu gəlmir. Məncə, İnqilab da yetərincə təhlükəli addı, bu adda adamı futbola nə ağılnan buraxıblar bilmirəm.

İnqilab Məmmədov adını doğruldaraq elə hakimlik etdi ki, "Zirə"nin güclü fanat dəstələri olsa futbolumuzda əməlli-başlı səs-küy çıxardı.

Rəşad Sadıqovun yerində isə ayrı baş məşqçi olsa yəqin ki, futbola nifrət edərdi. Zatən, məqsəd Rəşadı Azərbaycan futbolundan uzaqlaşdırmaqdı.

Bu yöndə ən yaddaqalan addım U 21-də baş məşqçi işləyəndə ona qapını göstərmək idisə, klub futbolunda da mütəxəssis kimi uğurlarına yumşaq desək aşkar qısqanclıq var.

Əminəm, Rəşadın nə Azərbaycan futboluna, nə futboldan gələn qazanca ehtiyacı yoxdu. Futbolumuzun isə Rəşad kimi gənc, istedadlı, bacarıqlı, şəxsiyyətli mütəxəssisə çox ehtiyacı var!

Amma görünən bu ki, sonda Azərbaycan futbolunda ya Elxan Məmmədov qalacaq, ya da Rəşad Sadıqov...

Rəşad Sadıqov futboldan birdəfəlik getsə belə bu sahədə qoyduğu izi silmək mümkün olmayacaq!

Eyni zamanda, Elxan Məmmədovun indiyə kimi Azərbaycan futboluna vurduğu zərbənin nəticələrini düzəltmək də çox çətin görünür...

Anar Şabanoğlu
Xüsusi olaraq Sportinfo.az üçün

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”