AFFA rəhbərliyinin menyusuna – Bu da sizə çıxış yolu!

3 Aprel 2022 22:20 Köşə 954
AFFA rəhbərliyinin menyusuna – Bu da sizə çıxış yolu!

Millinin Malta və Latviyaya məğlubiyyətlərindən sonra Canni de Byazi ilə havadarlarının növbəti planının “suya düşdüyü” məlum oldu.

Ötən seçmə mərhələdə “qocalar”ın üstündən çarpaz xətt çəkib sonradan başını tutanlar bu dəfə çıxış yolunu təcrübəlilərlə gənclərin vəhdətindən qurulmuş komandada axtarmaq həvəsinə düşmüşdü.

Məlum oldu ki, bu yığmadadan da bir “zad” olmayacaq.

Biabırçı yenilgilərdən sonra AFFA rəhbərliyinin növbəti çıxış yoluna baş vurması anlaşılandır. Baş məşqçi ilə müqavilənin müddəti davam edir deyə, italiyalı çalışdırıcını göndərmək asan iş deyil.

Bunu dekabrda etmək lazım idi, amma etmədilər. De Byazi assosiasiyadakı rəsmiləri Millətlər Liqasında uğurlu nəticə qazanacağına inandırıb istəyinə çatdı.

Ölkə futbolunun bir nömrəli qurumunda əyləşənlər yerli mütəxəssisin xidmətində maraqlı deyil. Niyə, hansı marağa – bu, başqa söhbətin mövzudur.

Çətin vəziyyətdən baş götürüb qaçmaq üçün belə bir çıxış yolu var: Millini Canninin yerli köməkçilərinə həvalə etmək - Arif Əsədovla Kamran Ağayevə.

Ağayev məşqçilikdə ilk addımlarını atsa da, xarakter sahibidir. Tələbkardır, döyüşkəndir, idmançı ruhuna sahibdir.

Əsədov isə “Neftçi”ni çempion etmiş, illərdir yığmalarda çalışmış təcrübə sahibdir. Və ən əsası, Canni de Byazinin yürütdüyü futbol siyasətinin şahididir.

Millini verin azərbaycanlılara! Ki, bizim üçün daha şirin görünsün o komanda. Sabah uduzanda, fiaskoya uğrayanda da ölkədən çıxan yüzminlərə üzülməyək, yığmanın başında əcnəbi mütəxəssisin dayandığına görə başımızı tutmayaq.

Sistemi pozmaq, yad məşqçiyə güvənmək niyyətiniz yoxdursa, Arif Əsədov hazır kadrdır. Ona da şans vermək fikrindən uzaqsınızsa, başqasını tapın.

Təki ürək xəstəliyindən, əsəb pozqunluğundan qurtulaq. Rahat nəfəs alaq. Sizin kimi.

HƏBİB

Xəbər Lenti