AFFA-nın "XTQ"si iş başında

1 Aprel 2022 20:00 Köşə 1 362
AFFA-nın "XTQ"si iş başında

Azərbaycan millisinin Malta toplanışındakı uğursuzluğu deyəsən, AFFA rəhbərliyini babat silkələyib.

Cəmi 2 ay sonra Millətlər Liqasında mübarizə bizi gözləyir.

Son iki yoxlama matçındakı nəticə və oyun göstərdi ki, heç də bizi parlaq gələcək gözləmir.

Latviya və Malta ilə bacarmayan milli Slovakiya, Qazaxıstan və Belarusla nə edəcək ki? Maksimum sonuncu ilə bərabərlik və ya qələbə şansımız ola-olmaya.

Canni De Byazi ilə müqavilə yenilənəndə isə federasiyadakı bəzi mütəxəssislər Millətlər Liqasındakı uğurlu çıxışın piroritet olacağını böyük əminliklə dilə gətirirdilər.

Deyəsən, həmin əminlik suya batıb. Ki, məhz həmin mütəxəssislər indidən bəhanə ovuna çıxıblar. Belə yerdə baş məşqçidən yaxşı şikar?

İlk əvvəl AFFA-nın vitse- prezidenti Vaqif Sadıqov mətbuata çıxaraq sığortalama və müdafiə etmə taktikasını işə saldı: "Hazırda millidə, De Byazidə komandaxili ruh olmadığından hansısa nəticədən danışmaq doğru deyil. De Byazi hər dəfə bizi təəccübləndirən addımlar atır (gülür). Gah heyətdə köklü dəyişiklik edir, gah da oyun modelini dəyişir. Təəssüf ki, bunlar özünü doğrultmur. İtalyan mütəxəssis neçə vaxtdır Azərbaycandadır. Ölkə futbolunu tanıyan biri kimi çoxdan formalaşmış və yaxşı oyun sərgiləyən komanda yaratması mümkün idi".

Daha sonra növbəti məşhur persona - Maşallah Əhmədov iş başına keçərək: "De Byazi təcili istefa ərizəsini AFFA rəhbərliyinə təqdim etməlidir. Yığmanı bu miskin durumdan, ancaq yerli mütəxəssis çıxara bilər. Əks halda iyunda Millət Liqası qarşılaşmalarında bizi daha böyük biabırçılıqlar gözləyir" - deyə açıqlama verib.

Yəqin ki, növbəti günlər digər bu xislətdə olan mütəxəssislər də aşkara çıxacaqlar. Ki, baş məşqçi günahkardı, bacarmır, bizi biabır edir və getməlidir. Guya bunlar bizim futbolun qeydinə qalan şəxslərdir.

Həqiqətdə isə bu adamlar hazırkı AFFA rəhbərliyinin müdafiəsini təşkil edən "Xüsusi Təyinatlı Qrupdur". Əsl günahkarın hazırkı AFFA rəhbərliyi olduğunu gözəl bilirlər. Amma hər dəfə belə situasiyalarda "önə" çıxar və iz azdırmağa çalışarlar. Yetər ki, ağaları bircə kəlmə "ok" desin. Olmuya, milli komandada növbəti istefanın təməli və yeni təyinatın addımları atılır?

Çünki Vaqif Sadıqov, Maşallah Əhmədov, İsgəndər Cavadov kimilər məhz belə dönəmlər, belə gedişlər üçün gözə görünər, danışar və yol göstərərlər. Tanış səhnədi, həm də çox tanış...

XANOĞLAN İMANOV

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!