Mən futbola baxanda siz... - Etibar Cəbrayıloğlu yazır

1 Aprel 2022 13:20 Köşə 1 785
Mən futbola baxanda siz... - Etibar Cəbrayıloğlu yazır

Futbol üzrə hər yandan yığılan Azərbaycan millisi qapısından top buraxan kimi hamı düşür mənim üstümə.

Hərənin ağzından bir meyxana gəlir, biri qafiyə tutub deyir ki, AFFA-da oturan hara baxır?

O biri qafiyəyə cavab verib deyir AFFA-da yatan hara baxır? Millimiz Maltaya uduzur, mən günahkaram, Latviyaya məğlub olur, yenə təqsiri məndə görürlər.

Guya mən AFFA-dan pul qazanana qədər Azərbaycan azından 2 dəfə Dünya, 3 dəfə də Avropa çempionu olmuşdu, amma mən gəlib sistemi dağıtdım...

Hamı da bir ağızdan deyir ki, Bədirxan futbol adamı deyil! Söz tapıblar da... Mən futbol adamı deyiləm? Yalançının... rusca fikirləşib ingiliscə söymüşdüm a...

Şəxsən mən futbola baxanda siz cizgi filmi izləyirdiniz. Uşaq yaşlarımdan futbol azarkeşi olmuşam, fanat olmuşam e fanat. Yadımdadır, orta məktəbdə oxuduğum illərdə Tretyakın, Fetisovun, Xarlamovun oyununu necə maraqla izləyirdim, bizimkilər Kanada, Çexoslavakiya yığmalarına əməlli-başlı toy tuturdu. Qardaşım Qədirxan isə Maradanoya, Zikoya, Platiniyə azarkeşlik edirdi, fotolarından xalça düzəldirdi. Sözün açığı, mənim basketboldan lap əvvəldən acığım gəlib, ona görə Maradonanın oyununu izləməmişəm.

İndi hamı futbol azarkeşi, mütəxəssisi olub mənim üçün. Guya o gün idman jurnalistlərindən biri mənə Bloxin haqqında sual verib, mən də tanımamışam. Mən a? Məşhur voleybolçu Oleq Bloxini tanımıram? Az qalmışdı yalançını rusca fikirləşib fransızca söyüm.

Köməkçilərim deyir idman yazarlarından birisi o gün hər yana car çəkib ki, guya mən Nazim Süleymanova AFFA-da iş vermirəm, onu futbola yaxın buraxmıram. İnsan nə qədər dar düşüncəli olar? Ay bisavad, Nazim Süleymanov məşhur üzgüçü olub, Rusiyada çempionluq qazanıb, gedib dənizdə üzsün də, üzgüçünün AFFA-da nə işi var?

Səhərdən axşamacan dönərxanada oturub məni müzakirə edirlər, guya mən bölgələrdə futbolu inkişaf etdirə bilmirəm. Ay siz öləsiniz, siz dediniz, hamı inandı. Azərbaycan futboluna şapito təlimini mən gətirmişəm. Məhz mənim sayəmdə klublarımız şapito sirki kimi əyalətləri, qəsəbələri gəzir.

“İnter”i göndərdik Keşləyə, camaatın gözü yoruldu, kluba dedim indi də gedin Şamaxıya.

“AZAL” bir az Şüvəlanda oynadı, indi dincə qoymuşuq, yaxın zamanlarda göndərəcəyik Kürdəmirə.

“Bakı”da belə layihəmdir, əvvəllər paytaxtı təmsil edirdi, bir-iki ilə gedib Biləsuvarın doğma komandası olacaq.

Götürək elə “Neftçi”ni. “Neftçi” niyə bir-iki il Siyəzəni təmsil etməsin ki? Bölgələrimizdə futbolun inkişafı belə olmalıdır, mən başqa yol görmürəm. Sözün düzü, heç görmək də istəmirəm.

Məni bacarıqsızlıqda ittiham edənlər, gözünüzü açıb yaxşı baxın, görün dünyada nələr baş verir. Rusiyalı iş adamları 6 kilo şəkər tozu gətirə bilmirlər, amma mən dünyanın hər yerindən 7 vaqon futbolçu gətirib milliyə verirəm. 2 dolu gəmi bu dəqiqə dəniz limanında hazır vəziyyətdədir.

Millinin hər məğlubiyyətindən sonra məni futbolu bilməməkdə, bacarıqsızlıqda ittiham edənlər, deyəsən sizə çox zaman ayırdım. İşlərim tökülüb qalıb, gedib dəniz limanında gəmini boşaltdırım. Siz də nə istəyirsiniz yazın getsin.

Heç topuma da deyil (bakivaxti)...

Etibar Cəbrayıloğlu

Xəbər Lenti