Cəzarətiniz varsa, bizə bir az da on(lar)dan danış(ın)...

31 Mart 2022 23:40 Köşə 3 534
Cəzarətiniz varsa, bizə bir az da on(lar)dan danış(ın)...

Azərbaycan millisi hər keçən gün geriyə addımlamağa davam edir.

Artıq Malta və Latviya milliləri ilə də bacarmırıq.

Futbolumuzun, millimizin inkişafını ürəkdən istəyən hər kəsənin iradı da, təklifi də eynidir.

İrad ondan ibarətdir ki, milli komandalarla sistem, bəlli bir dəsti-xətt yoxdur. Bunu etməli olanlar isə 15 ildi AFFA-ya rəhbərlik edən hazırkı rəsmilərdi. 15 ildə bacarmayıblarsa, deməli, çətin ki, nə vaxtsa bacarsınlar.

Bunun fonunda həmin çoxluğun təklifi ondan ibarətdir ki, hazırkı AFFA rəhbərliyi tam tərkibdə istefa verməli, yenə heyət formalaşmalı və milli komandalar başda olmaqla, ümumən futbolumuzun üçün bir sistem qurulmalıdır.

Hətta bir neçə ill uğursuzluqlar gözardına vurulmalı, eyni xəttlə yola davam edilməlidir. Ki, uğur mütləq gələcək.

Çünki ölkə futbolundakı bu qədər problemlərə rəğmən kifayət qədər oyunçu potensialımız var. Düzgün sistem qurulsa, deməli, bu baxımdan vəziyyət daha da ürəkaçan ola bilər.

Bəli, futbol ictimaiyyətininin böyük əksəriyyəti, bəlkə də 95%-i yuxarıdakı fikirdədir. Amma qalan 5% ürək bulandırmağa, söz oyunu, günahkar axtarışı tapmacasına davam edir. Gah futbolçular günahkar çıxarılır, gah da baş məşqçilər.

Məsələn, AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov kimi. İllərin futbol adamı mətbuata açıqlamasında

"Hazırda millidə, De Byazidə komandaxili ruh olmadığından hansısa nəticədən danışmaq doğru deyil. De Byazi hər dəfə bizi təəccübləndirən addımlar atır (gülür).

Gah heyətdə köklü dəyişiklik edir, gah da oyun modelini dəyişir. Təəssüf ki, bunlar özünü doğrultmur. İtalyan mütəxəssis neçə vaxtdır Azərbaycandadır.

Ölkə futbolunu tanıyan biri kimi çoxdan formalaşmış və yaxşı oyun sərgiləyən komanda yaratması mümkün idi" deməklə bu qədər bərbad millinin tək günahını baş məşqçi Canni De Byazidə görmüş olduğunu göstərib.

Ay Vaqif müəllim, De Byazi cəmi 2 ildi Azərbaycandadır və ondan yaxşı formalaşmış komanda tələb edirsiniz. Bəs öz rəhbərlərin 15 ildi AFFA-da oturub niyə bir samballı komanda formalaşdıra bilmir?

Formalaşmış və yaxşı oyun sərgiləyən komandanın yaradılması təkcə baş məşqçi(lər)dən asılı deyil axı.

Buna gedən yolun başlanğıcı AFFA-dan götürülür. Düzgün idarəetmədən, formalaşdırılan sistemdən keçir. Bəlkə, bir az da bizə on(lar)dan danışasan?

XANOĞLAN İMANOV

Xəbər Lenti