AFFA deyir, olmaz, “Qarabağ” deyir, olar

30 Mart 2022 20:40 Köşə 2 181
AFFA deyir, olmaz, “Qarabağ” deyir, olar

Azərbaycan futbolunda xeyirlə şərin, yalanla doğrunun mübarizəsi gedir.

Şərin, yalanın tərəfdarları hər səlahiyyətə sahibdirlər.

Onların inanılmaz maliyyə mənbələri, hakimiyyətdə dəstəkçiləri var. Xeyrin, doğrunun “cəbhəsi”ndə olanlar isə bir neçə peşəkar və ictimaiyyətdir.

Şər AFFA-dır, Xeyir isə “Qarabağ”. Uzun illərdir ki, Şər diktə edir: Azərbaycanda futbol olmayıb və olmayacaq da.

Azərbaycanda futbolçu yetişməyib və yetişməyəcək də. Azərbaycanda məşqçi yoxdur.

Uzun illərdir ki, Şər bu xətti əsas götürərək milli komandanı əcnəbilərə tapşırır, ölkədə futbolçu yetişdirilməsi üçün infrastruktur qurmur, əvəzində əcnəbiləri – yadları milliləşdirir və dövlətin futbolun inkişafı üçün ayırdığı vəsaiti onlara paylayır.

Xeyir isə deyir ki, Azərbaycanda futbol olub və olacaq.

Xeyir and-amana edir ki, Azərbaycanda futbolçu yetişdirmək mümkündür.

Xeyir sübut edir ki, bu ölkədə məşqçi var. Özü də yüksək səviyyəli.

Xeyir – “Qarabağ” 8 ildir ki, sərasər Avrokubokların qrup mərhələsində oynayır. Avropada az-az klub tapılar ki, belə nəticəyə nail olsun.

Uzağa getməyək, büdcəsi yüz milyonlarla ölçülən Türkiyə klublarına baxın. Onların hansı biri 8 il dalbadal avrokubokların qrup mərhələsində oynayıb?

Xeyir – “Qarabağ” sübut edir ki, iş peşəkarlara həvalə olunsa, futbolu inkişaf etdirmək mümkündür. Avrokubokların qrup oyunlarında “Qarabağ”ın heyətində neçə yerli futbolçu meydana çıxıb?

Hər oyunda ən azı 5 futbolçu. Deməli, bu uğur həm də yerli futbolçuların əməyidir.

Deməli, yerli futbolçular da Avropa meydanlarında futbol oynaya bilirlər. Sadəcə sistem düzgün qurulsa, idarəçilər peşəkar olsa.

Necə ki, “Qarabağ”da belədir. Allah eləməsin, təsəvvür edin ki, “Qarabağ”ın rəhbərləri AFFA rəsmiləri ilə eyni düşüncədə olardılar.

Onda nə olardı? Heç nə, onda “Qarabağ” “Qarabağ” olmazdı. “Qarabağ” olardı Azərbaycan millisinin günündə.

Azərbaycan futbolunda Şərlə Xeyirin mübarizəsi gedir. Şər – AFFA deyir ki, olmaz: Azərbaycanda futbol olmaz, futbolçu yetişməz, məşqçi püxtələşməz.

Xeyir – “Qarabağ” deyir ki, olar: Azərbaycanda futbol da olar, futbolçu da yetişər, məşqçi də püxtələşər.

Amma...

Hələ ki, Şərə inanırlar, ona dəstək verirlər, Xeyirin harayını eşitmirlər. Hələ ki...

Natiq Muxtarlı

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!