Millidən qovulmaq istəyir, qovmurlar – Ona görə ki…

30 Mart 2022 14:00 Köşə 1 354
Millidən qovulmaq istəyir, qovmurlar – Ona görə ki…

Canni De Byazi buradan gedəcək. O, qələmini öz əli ilə qırıb artıq.

Azərbaycan italiyalı qocanın son iş yeri olacaq.

Bakı ilə vidalaşandan sonra təqaüdə çıxacaq və… gedəcək Berti Foqtsun yanına. Ağ şərabdan, viskidən qurtum-qurtum içməyə. AFFA-dan qazandığı pulları qoymağa yer tapmır indi. Bala-bala xərcləyəcək özüyçün.

Ötən mövsüm 900 min avro, bu dəfə də 300 min avro. Üst-üstə 1,2 milyon avro daha harasına bəs etməz ki… Yeddi arxa dönəninə də çatar.

Üç gün ara ilə 2 yoxlama matçına çıxardığı komandanın oyunu da bizə çatsaydı… Daha dərdimiz olmazdı.

De Byazi Malta önündə gülməli ekspermentlər, dünən isə heyətdə etdiyi çoxsaylı dəyişiklərlə bu toplanışa öz damğasını vurdu. Bu qədər futbolçunu basa-basa uzaq ölkəyə niyə aparmışdı, görəsən?

Gündə iki ağır məşq verib, sonra onların meydanda necə əzab çəkməsinə tamaşa eləmək üçün? Üç gündən bir oyuna çıxacaqlarını bilən baş məşqçi buqədərmi savadsızdır?

Futbolçuların formasını geyindiyi klublarda hər həftə çempionat oyununa çıxmasını hesaba qatmayan De Byazi fiziki yüklənmənin dozasını artırmaqla, bilirsiz, nə məqsəd güdüb?

Heç o yan-bu yanı yoxdur: italyan AFFA-nın müqaviləsinə vaxtından əvvəl birtərəfli xitam verməsini istədiyi üçün belə edib. Onun tək arzusu buradan tez getməkdir.

UEFA Millətlər Liqasını gözləmədən, iyuna qalmadan. Təbii ki, axmaq deyil, ağlı yerindədir, 10 aylıq müqaviləsinin növbəti müddətə artırlmayacağını bilir.

Bilir ki, qarşısına qoyulan vəzifəni yerinə yetirməyə, komandanı qrupdan çıxarmağa gücü çatmayacaq. Özünə inanmır, futbolçularına isə yuxarıdan-aşağı baxır, hətta deyərdim ki, böyük antipatiya bəsləyir.

De Byazinin AFFA-ya münasibəti də fərqli deyil. Hər gün üz-üzə gəldiyi funksionerlərin «məsləhət»lərinə qulaq verir, amma…

Bunu da qəsdən edir.

Guya bilmir ki, «təcrübələri var» dediyi futbolçular nə gündədir? Hamısı 2 ildir gözünün qabağındadır, tanımayıb, görməyib onları?

Bilmir ki, yaşlı atın ayağına yeni nal vursa da, əvvəlkitək qaçmayacaq? 65 yaşlı birinin ağlı bunları unudacaq qədər korşanıb deyirsiz?

De Byazi Maltaya fikrindəki qafiləni aparmayıb. Sifariş qutusundan çıxan xeyli adı özünə yol yoldaşı edib. Deyiblər, bunları da komandanın gözünə qat, o da qayıdıb ki, baş üstə.

Ürəyində isə cavab verib ki, indi görərsiz, başınıza nə oyun açacam, bir az səbr edin. Bu «səbr»in «meyvə»sini Malta və Latviya aldı. Bizə qalan yenə bədbinlik, ruh düşkünlüyüdür.

De Byazi dünən gözünə taxdığı gün eynəyinin altından millinin pessimist halına baxaraq, həzz alırdı.

İşinə AFFA-dan müdaxilə var deyə, o, hər cür avantürist addım atır, qeyri-ciddi açıqlamalar verir, özünü medianın, azarkeşlərin «tənqid ocağı»na tərəf itələyir ki, bircə qovulsun.

Adam vəzifədən atılması üçün daha nə eləməlidir ki,.. Lazım olandan beşqat artığını edir, di gəl, AFFA rəhbərliyi ağzına su alıb oturub.

Nə özləri tərpənir, nə də onu tərpətmək istəyirlər. De Byazinin ardınca vəzifədən atılacaqlarını hiss etdikləri üçün.

KAMİL

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"