Kapitana xatırlatma - AYIBDIR!

29 Mart 2022 16:40 Köşə 1 269
Kapitana xatırlatma - AYIBDIR!

Maksim Medvedevin millinin Latviya ilə matçından öncə dediklərini oxuyanda sözün əsl mənasında şoka düşdüm.

“Qarabağ”da yetişən, Qurban Qurbanovdan dərs alan kapitanın Maltaya məğlubiyyətlə bağlı söylədikləri mənə fərsiz ailə başçısının bəhanələrini xatırlatdı.

Futbolçu dostumuz “cırtdanlar”a uduzmağı futbol oynaya bilmədiklərini etiraf etməkdən başqa hər şeylə əlaqələndirib.

Yeni sistemlə uyğunlaşmaqda çətinlik çəkdiklərini deyib, sosial şəbəkədəki təzyiqlərin futbolçulara mənfi təsir etdiyini bildirib, yığmadakı xaosdan bəhs edib. Qısası, özlərindən başqa hamını və hər şeyi günahlandırıb.

Medvedevin fikirləri ilə tanış olandan sonra ağlıma mövzuya uyğun bənzətmə gəldi.

Məsəli Maksimdən uzaq, fərsiz kişinin nə demək olduğu hamımıza məlumdur. Dünyaya 3-4 uşaq gətirib, həmin uşaqları böyütməyi özünə borc verməyən, canını işə verməyən, pulsuzluqdan söz düşəndə özündən başqa hamını günahlandıran şəxs(lər) mütləq ki, hər birimizin ətrafında var.

Belələri iş tapmaqda çətinlik çəkir, iş tapanda da oradakı sistemdən, rejimdən narazılıq edir, söz düşəndə də “İşləmək istəyirəm e, amma yaxşı iş yoxdur, kənardan baxanlar da məni qınayır” şəklində ayıbına “don geyindirir”.

İndi, ay Maksim, milli səviyyəsində futbol oynaya bilmədiyinizi etiraf etmək əvəzinə günahı yeni sistemdə, sosial şəbəkədə, tənqiddə, nə bilim daha nədə axtarmağın mənası nədir ki?

10 milyonluq ölkə gözünü 20-25 nəfərdən ibarət komandaya dikib ki, bəs, bu qədər imkan və şəraitin qarşılığında yığma futbol oynayacaq, nəticə qazanacaq, üzləri güldürəcək.

Siz isə Malta, Lüksemburq, Lixtenşteyn millilərini məğlub edə bilmədikdə susmaqdansa, sizdən uzaq, fərsiz kişinin işsiz dolaşmağına bəhanə gətirdiyi kimi, yenilgiləri zəif olmağınızdan başqa hər şeylə əlaqələndirirsiz.

Üstəlik, bunu edən təcrübəli biri, millinin kapitanıdır.

Ayıbdır, qardaş, vallah, ayıbdır!

HƏBİB

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”