AFFA-da Makedon

28 Mart 2022 16:40 Köşə 1 343
AFFA-da Makedon

Maşallah, sayələrində millət qalmadı ki, həsəd aparaq.

Lixtenşteynliyə həsəd aparmışdıq. Elə albana da. Makedoniyalıya ağzımız sulana-sulana baxdıq. Maltalının qarşısında mat qaldıq.

İçimiz özümüzü yandırır, çölümüz də özgəni. Özgələr bizim var-dövlətimizə həsəd aparırlar.

Guya bu var-dövlətdən biz bədbəxtlərə nə isə çatırmış.

Yox, bu var-dövlət “istedadlı dələduzlar”a həvalə olunur. Son 10 ildə təkcə Azərbaycan neftindən AFFA-dakı “istedadlı dələduzlar”a 150 milyon manat ayrılıb.

Son 10 ildə Malta, Albaniya, Şimali Makedoniya futbolu heç 15 milyon da görməyib. Amma bu ölkələrin vətəndaşları inkişaf görürlər.

O ölkələrdə çörək çörəkçiyə verilir. O ölkələrdə “istedadlı dələduzlar” vəzifə başına gətirilmir.

O ölkələrdə xalqın vəsaitinin hesabı sorulur.

Azərbaycan xalqı da arzulayır: Ay Allah bir makedon da bizim AFFA-ya yetir. Axı kor-kor, gör-gördür. Axı AFFA-dakı bir dəstə “istedadlı dələduz” dövlətdən böyük olmamalıdır.

Axı kimdir onları dövlətdən də böyük edən?

Axı Azərbaycan futbolunda yaşanan biabırçılıq hakimiyyətin imicinə sarsıdıcı zərbə vurur. Bu imici qorumaq kimsənin umurunda deyil? Yəni bu “istedadlı dələduzlar” toxunulmazdır?

Son 10 ildə təkcə neftdən ayrılan 150 milyon manat. Bu vəsaiti mal bazarındakı dəllala versəydilər, o, futbolun inkişafını təmin edərdi. Həm özü qazanardı, həm də inkişaf olardı. Bu dəllallar başqa dəllallardır.

Biabırçılıqdan bezən camaat tələb edir: İnsafınız olsun, saysız-hesabsız məşqçilər dəyişdiniz, saysız-hesabsız əcnəbiləri milliləşdirdiniz, heç olmasa bir dəfə də bu dəllalları dəyişin.

Cəmisi bir dəfə dəyişin. Bir dəllalı başqa dəllalla əvəz edin, amma Allah xətrinə, dəyişin. 10 ildə təkcə neftdən ayrılan 150 milyon manatın başına daş salıb bu dəllallar.

Biz də AFFA-ya makedoniyalının rəhbər gətirilməsini tələb edirik. Xəbəriniz yoxdur, AFFA-da elə Makedon işləyir. Amma bu Makedon problemi həll etmək üçün siçanı yandırmağı məqbul sayır.

Bizə Namiq lazımdır. AFFA-dakı Makedonun qulağının dibinə taraz şapalaq ilişdirəcək Namiq. Bizdə Namiq var?

Natiq Muxtarlı

Xəbər Lenti