Xüsusi hazırlıq, böyük ümid və həvəs qaçıran cırtdan ölkə

26 Mart 2022 22:20 Köşə 690
Xüsusi hazırlıq, böyük ümid və həvəs qaçıran cırtdan ölkə

Azərbaycan millisi 2022-ci ilə Malta millisinə məğlubiyyətlə start verdi. Bundan pis uğursuz başlanğıcı təsəvvürə belə gətirmək olmazdı. Ki, əsas milli reallığa çevirdi.

Rəqibin cırtdan ölkə olması qələbə ümidlərini xeyli artırmışdı. Bura AFFA-nın xüsusi hazırlığını da əlavə etmək yerinə düşər.

Belə ki, federasiya rəsmiləri işi-gücü rəqiblərə məğlub olmaq olan rəqiblə matça 30 min manat mükafat təyin etmişdi. Bundan əlavə uzun müddətdir milli qapıların üzünə bağlandığı Dimitri Nazarov, Eddi İsrafilov kimi milliləşdirilmiş futbolçular yenidən geri qaytarılmışdı. Matçdan öncə Elxan Məmmədov başda olmaqla bir neçə AFFA rəsmisinin kollektivlə görüşü də gözdən qaçmamışdı.

Bir sözlə, sıradan bir yoxlama qarşılaşmasına böyük bir fokslanma vardı. Məqsəd nə olur olsun qələbə qazanmaq və bununla yuxarılar qarşısında müsbət imic formalaşdırmağa hesablanmışdı.

Amma onu da bacarmadılar. Bütün bu sadalanan faktorların fonunda milli komanda biabırçı oyunla yadda qaldı. Rəqib futbolçular fürsətləri sağa-sola xərcləməsəydi indi millinin Maltaya darmadağınından söhbət edirdik. Yəni meydandakı mübarizə bu qədər cılız, utancverici idi. Dünənə kimi Portuqaliya, İtaliya kimi nəhənglərə minimal hesabla məğlubiyyəti toy-bayram edərdik. Zaman-zaman illər dəyişir, futbolumuz isə yerində sayır deyərdik.

Artıq əsas milli komanda yerində də saymır, dala gedir.

6 xal gözü ilə baxdığımız rəqiblərə boyun əyirik. Darmadağın olmadı deyə rəqib hücumçuların qeyri-dəqiqliyin xüsusi qeyd edirik. Bu gedişlə yaxın gələcəkdə Malta kimi millilərə minimal hesablı məğlubiyyətə sevinməsək yaxşıdır. Hazırkı AFFA rəhbərliyi olduğu müddətcə millimizin inkişafı onsuz da gözlənilmir. Allah bundan betərindən saxlasın...

XANOĞLAN İMANOV

Xəbər Lenti