Baxın, utanın, başınızı qaldırmayın!

26 Mart 2022 21:20 Köşə 1 062
Baxın, utanın, başınızı qaldırmayın!

Bundan sonra hər ilin martın 25-i Maltada bayram günü elan olunacaq.

Yarım milyon əhalisi olan ölkənin millisi 10 milyonluq nüfuza sahib, sərvəti milyardlarla dollara bərabər Azərbaycan adlı diyarın bir nömrəli futbol komandasını məğlub etməyi bacardı.

FİFA-nın reytinq cədvəlində özündən nə az, nə çox, düz 53 pillədə olan rəqibini. Bizimkilər sıralamada 121-ci, “çırtdanlar” 174-cüdür. Niyə də bayram etməsinlər?!

Malta seçməsi 2020-ci ilin noyabrında Lixtenşteynlə Andorranı məğlub edəndən aydan bu yana Azərbaycanla matça qədər müxtəlif turnirlərdə 13 oyuna çıxmışdı. Bu görüşlərin 9-da məğlub olub, 3-də heç-heçəyə razılaşıb, 1-də qələbəyə sevinmişdi.

Bu xoşbəxtlik onlara ötən ilin sentyabrın ilk günündə yoldaşlıq görüşü çərçivəsində Kipri 3:0 məğlub edəndə nəsib olmuşdu.

Malta son 6 qarşılaşmada elə həmin Kiprlə DÇ-20220-nin seçmə mərhələ matçında 2:2 bərabərə qalıb, qrupdakı digər 5 oyunu məğlub başa vurmuşdu.

Son 6 oyunda top fərqini də xatırladaq? Rəqib qapılarına 3 top vurub, öz qapısından 22 top çıxarmışdı.

Futbolçularının 80 faizi Malta çempionatında çıxış edən yığmanın bir əlin barmaqları sayda oyunçusu legioner həyatı yaşayır. İtaliya, Portuqaliya, Almaniya kimi ölkələrin aşağı liqalarında.

Bizimkilər Çempionlar Liqasının, Avroliqanın qrup mərhələsində ardıcıl çıxış etdiyi halda, “cırtdanlar” üçün bu səviyyə əlçatmazdır. İndiyə qədər bir futbolçuları belə avrokubokların qrup mərhələsinin həyəcanını yaşamayıb.

“Dinamo” (Xorvatiya), “Legiya”, “Visla”, “Bursaspor”, “Qarabağ” və “Neftçi” kimi komandalarda oynamağı ən yaxşı halda yuxularında görə bilərlər.

Maltanın baş məşqçisi italyandır – Devis Manca. 47 yaşlı mütəxəssis məşqçilik karyerasında “Palermo”, “Bari”, “Spezia”, “Askoli” kimi komandaları çalışdırıb, qısa müddətdə ölkəsinin U-21 millisinə başçılıq edib.

Azərbaycanın “sükan”ı arxasında oturan məşqçi də İtaliyadandır – Canni de Byazi. Vətənində “Torino”, “Breşiya”, “Udineze”, “Modena”nı, İspaniyada “Levante” ilə “Alaves”i çalışdırıb.

Manca, 2016-cı ildə işsiz qalanda Canni de Byazi Albaniya yığmasını AÇ-2016-nın final mərhələsinə hazırlayırdı.

Azərbaycan klubların reytinq sıralamasında 56 ölkə arasında 24-cü sırada qərarlaşıb. Malta bu göstəricidə 39-cudur. Hazırda davam edən Azərbaycan Premyer Liqasında klub sayı 8-dir, Maltada bu say 12-yə bərabərdir. Növbəti mövsümdə 14 olacaq.

Bu və digər faktlarla tanış olandan sonra maltalıların hər ilin martın 25-ni bayram günü kimi qeyd etməsi normal deyilmi?

HƏBİB

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"