Millinin elə bir heyəti var ki... Ucuz bəhanəyə yer olmayacaq!

20 Mart 2022 16:20 Köşə 958
Millinin elə bir heyəti var ki... Ucuz bəhanəyə yer olmayacaq!

Martın son 10 günü millilərə ayrılıb.

Yoldaşlıq görüşlərində qüvvəsini sınayacaq ölkəmizin bir nömrəli futbol yığmasından fərqli, U-21 Avropa çempionatının seçmə mərhələsinə start verəcək.

Milan Obradoviç Estoniya ilə martın 25-də, Belarusla martın 29-da baş tutacaq oyunlar üçün 24 nəfərlik heyəti açıqlayıb.

Gizlətmirəm, heyətlə tanış olanda gözlərim bərəldi. Aman, bu nə möhtəşəm heyətdir.

Maşallah, böyük əksəriyyəti Premyer Liqada mütəmadi şans qazanan və ən əsası, özünü yaxşı tərəfdən göstərməyi bacaranlardır.

Cəlal Hüseynov “Zirə”nin, Mert Çelik “Neftçi”nin müdafiə xətinin aparıcı üzvlərindən hesab olunur. Baş məşqçilər hər ikisinə əsas heyətdə mütəmadi şans verir.

Müdafiədə və yarımmüdafiədə çıxış etməyi bacaran İsmayıl Zülfüqarlı da “Neftçi”də Samir Abasovun güvəndiyi adlardandır. Zədədən qayıdan Elvin Cəfərquliyev də artıq Qurban Qurbanovdan şans qazanır. Yəni oynamağa tam hazırdır.

“Sabah”dakı inamlı oyunu ilə seçilən Ceyhun Nuriyevi cari mövsümün kəşflərindən adlandıra bilərik. “Keşlə”li Pərviz Azadov isə yaxşı mənada təəccübləndirməkdə davam edir.

21 yaşlı yarımmüdafiəçi cari mövsümdə Premyer Liqada 2 qola imzasını yazdırıb. “Sumqayıt”dakı əmiuşaqlar – Rüfət və Səbuhi Abdullazadə isə cari mövsümdə demək olar bütün oyunların iştirakçısı olublar.

“Səbail”li Ədilxan Qaraəhmədov da elitada adını tez-tez eşitməyə alışdıqlarımızdandır. Latviyada top qovan Asim Əlizadə millinin bu gün üçün yeganə legioneri olsa da, “Dauqavpils”də onu aparıcı sima gözündə örürlər.

Hücum xətindəki vəziyyət də qanətbəxşdir. Musa Qurbanlı cari mövsümdə “Qarabağ” kimi komandanın heyətində 6 qol vurmağı bacarıbsa, hazırlıq durumunda və ya təcrübəsizliyindən gileylənmək ucuz bəhanə sayılar.

Birinci Divizionda “Sabah-2”nin heyətində qapıçıların qəniminə çevrilən, əsas komandada Murad Musayevdən ara-sıra etimad görən Kamran Quliyev də bacarığına görə öyünə bilər.

Qısası, U-21-in bu heyəti Estoniya və Belarus kimi rəqiblərə uduzmağı haqq etmir. Həm də Bakıda, vətəndə.

Hazır futbolçular var, qalır məşqçi işi. Hər halda gözləyək...

HƏBİB

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"