Bu klubun baş məşqçisi olmağı heç kimə arzulamıram!

20 Mart 2022 09:40 Köşə 1 428
Bu klubun baş məşqçisi olmağı heç kimə arzulamıram!

Premyer Liqanın ən zəif iştirakçısı olan «Səbail» 20-ci oyunda 15-ci məğlubiyyəti «Sabah»dan aldı.

Artıq beş turdur qol da vura bilmirlər.

Aftandil Hacıyev sərəncamındakı məhdud heyətdə hər dəfə hansısa məcburi rotasiyaya əl atır: zədə və cəzalar baş məşqçinin ürəyini sıxır.

Bunu onun halından, verdiyi açıqlamalardan da görürük.

Adam rəsmən naəlacdır. Edəcəyi bir şey qalmayıb. «Maqazin»də patron da qalmayıb ki, öz gicgahına tuşlasın.

Tükənmiş futbolçularla məğlubiyyətləri sıralamaq ona xoş gəlmir, amma neyləsin, daha əlindən heç nə gəlmir.

Hacıyev Masazırda özünü ovundurdu ki, komandası asanlıqla uduzmadı. Abır-həya elədi, yoxsa oyunla bağlı sual-cavab edən jurnalistlərə deyərdi ki, məni təbrik edin, pis təsir bağışlamadıq.

Güman ki, Hacıyev nəvaxtsa, necəsə ciddi səhvə yol verib. «Səbail» bunun bədəlidir, indi çıxıb qarşısına.

Antipatiya bəslədiyim ən axırıncı məşqçiyə də onun yerində olmağı arzu etmərəm.

Doğrudan da, burada işləmək, baş aparmaq zillətdir. O isə gedişatı zamanın öhdəsinə buraxıb, harada qırıldı, qırıldı.

KAMİL

Xəbər Lenti