Lənkərana belə futbol lazımdır?

14 Mart 2022 20:00 Köşə 1 780
Lənkərana belə futbol lazımdır?

Azərbaycan futboluna yatırım etmək istəyən iş adamı fədakardır. Çünki qara qəpik də xeyir götürməyəcəyi bəllidir.

Üstəlik, futbol təsərrüfatı “istedadlı dəlduzlar”ın inhisarında olduğu üçün burada sağlam rəqabət mühiti də yoxdur.

Elə buna görə də, iş adamları bu sahədən perik düşdülər, Azərbaycanın köklü futbol ənənələri olan rayonlarında komandalar dağıldı.

Bir müddətdir ki, Lənkəranda “Xan Lənkəran”dan yazır mətbuat. Bu bölgədə futbola yatırım etmək istəyən şəxsin peyda olmasını ikiəlli alqışlamaq lazımdır.

Pərviz Hüseynovun biznesinin xaricdə olduğu bildirilir. Deməli, bu adam xaricdə qazandığını öz ölkəsində futbolun inkişafına yatırmaq niyyətindədir.

“Əhsən” deməmək olmur. Amma... Amma Pərviz bəyin mətbuata açıqlamalarını diqqətlə izləyirəm.

Düzü, düşünürdüm ki, Lənkəranda futbola yatırım etmək istəyən şəxs yüz ölçüb, bir biçəcək. Bu şəxsin səhvləri analiz etmək fürsəti var axı.

Çünki ortada “Xəzər Lənkəran” nümunəsi var. Hesab edirdim ki, Pərviz Hüseynov “Xəzər Lənkəran”ın idarəçiliyində buraxılmış səhvlərdən nəticə çıxardacaq.

Daha Lənkəranda Mais Mənsimov, Tuyqun Nadirov düşüncəsi ilə klub idarə olunmayacaq. Ancaq deyəsən, yanılmışam.

“Xan Lənkəran”ın sahibinin mətbuata verdiyi açıqlamalar göstərir ki, o, futbola çılğın azarkeş düşüncəsi ilə gəlib, peşəkar idarəetmə strategiyası ilə yox.

Məsələn, Pərviz bəy deyib ki, bizi birinci divizion maraqlandırmır, hədəfimiz Premyer Liqadır. Yaxşı ki, “bizi birbaşa avrokuboklara buraxmalıdırlar” iddiasını irəli sürməyib.

Axı yeni klub yaradanda, öncə onun təməli atılmalıdır. Təməl isə infrastruktur və uşaq futboludur.

Pərviz bəy infrastruktur və uşaq futbolu ilə bağlı hansı addımları atdı ki, birdən-birə Premyer Liqa həvəsinə düşdü?

A bəy, yaxşı, deyək ki, “Xan Lənkəran”ı buraxdılar Premyer Liqaya. Siz də milyonlar xərcləyib 5-10 legioner gətirdiniz.

Sonra?

Axı min bir zəhmətlə qazandığınız vəsaiti bu cür xərcləmək sizə və Lənkərana nə verəcək? O cür idarəetmə sistemini, strategiyanı “Xəzər Lənkəran”da görüb axı lənkəranlılar.

O idarəetmədən çəkdikləri az olmayıb azarkeşlərin. Pərviz bəy, sizin öz vəsaitinizi vətəninizdə hansısa sahəyə yatırım etmək istəyinizi alqışlayıram.

Sağ olun ki, bu düşüncədəsəniz. Amma Allah xətrinə, o vəsaiti futbol təsərrüfatına yönəltməyin. Dayanın! Sizin futbol startegiyanızda peşəkar baxış yoxdur.

Sizin də ətrafınızda 5-10 Tuyqun Nadirov peyda olacaq və o vəsait havaya sovrulacaq. Lütfən, ölkənizə xeyir vermək istəyirsinizsə, o vəsaiti elm-təhsil sahəsinə yönəldin.

Cənub bölgəsində aztəminatlı ailələrin övladlarının təhsil haqqına yatırım edin, istedadlı tələbələrin xaricdə təhsil almasına yardımçı olun.

Bunu etsəniz, Vətən qazanar. “Xəzər Lənkəran” da,

“Xan Lənkəran” da fəaliyyət göstərə bilərmi” sualına verdiyiniz cavab belə idi məncə: “Hərəsinə bir prezident təyin edərik, işləyərlər”.

Hələ gec deyil, dayanın, Pərviz bəy. Lənkərana belə futbol lazım deyil. Heç olmasa, min bir əziyyətlə qazandığınız vəsaitə heyfiniz gəlsin.

Natiq Muxtarlı

Xəbər Lenti