“Neftçi” yenə biabır olacaq?

9 Mart 2022 16:00 Köşə 1 921
“Neftçi” yenə biabır olacaq?

Artıq yazdır. Yaya nə qaldı ki?

2 aydan sonra futbol mövsümü başa çatır.

Digər ölkələrdə çempionluq uğurunda mübarizənin gərginləşirsə, Azərbaycanda durum fərqlidir, “mövsüm artıq başa çatıb” deyə bilərik.

Bəli, çempion və hətta avrokuboklara gedəcək komandalar bəllidirsə, deməli mövsüm başa çatmış sayılmalıdır. İndi isə biz yayın dərdini çəkməliyik. Avrokuboklarda bizi gözləyən biabırçılıq haqda düşünməliyik.

Bilirəm, hamımız yapışmışıq “Qarabağ”ın ətəyindən. Ümidimiz ancaq “köhlən atlara”dır. “Qarabağ” növbəti mövsüm də avrokubokların qrup mərhələsində oynayacaq.

Komandanın oyun keyfiyyəti bunu iddia etməyə əsas verir. Amma Azərbaycanı avrokuboklarda 1 yox, 4 komanda təmsil edir.

Böyük ehtimalla, bu mövsüm avrokuboklara “Neftçi”, “Qəbələ” və “Zirə” də gedəcək.

“Qəbələ” ilə işim yox. Bu komanda kasad büdcə ilə Azərbaycan çempionatında medallar uğurunda mübarizə aparırsa, bu da böyük işdir.

Elə “Zirə”dən də nə isə gözləmirəm. Qəsəbə təmsilçisi hələ avrokuboklar üçün “bişməyib”. Zatən ölkədə “Qarabağ”dan savayı “bişmiş” komanda da yoxdur.

Baxmayaraq ki, komanda var, dövlətin milyonlarını xərcləyir, amma hər il avrokuboklardakı nəticələr göstərir ki, hələ “çiydir”.

Əmin olun, “Neftçi” avrokuboklarda yenə də biabır olacaq. Həm özü biabır olacaq, həm ölkəni biabır edəcək.

Çempionat qarşılaşmaları göstərir ki, “ağ-qaralar”ın oyun keyfiyyətində artım yoxdur. Deməli, yaydan sonrakı transfer siyasəti də bərbad olub.

Güman ki, mövsümün sonunda rəhbərlik yenə də xeyli futbolçunu yola salacaq, bir xeylisi də gələcək.

Bu, dəllalların qazanc mənbəyi sayılır. Hər transfer pəncərəsi onlar üçün fürsətdir. Amma avrokuboklarda bəlli hədəfləri, strategiyası olan komandanın oturuşmuş heyəti olmalıdır.

“Neftçi”də bu strategiya var? Yoxdur. Ötən mövsümü xatırlayaq? “Neftçi” rəhbərliyi çempionluğu bayram edəndə biz yazırdıq ki, avrokuboklarda bu komandanın işi çətin olacaq, tədbir görün, sevinmək vaxtı deyil.

Eşitdilərmi bizi? Yox.

Bax, indi də deyirik, özü də mövsümün başa çatmasına 2 ay qalmış deyirik.

Deyirik ki, avrokuboklarda yenə də biabırçılıq olacaq.

Görünən dağa nə bələdçi...

Natiq Muxtarlı

Xəbər Lenti