“Kitayski azərbaycanlı” qaçır - Anatoli oğlu Anatoli

5 Mart 2022 18:00 Köşə 1 588
“Kitayski azərbaycanlı” qaçır - Anatoli oğlu Anatoli

Anatoli Nuriyev – Azərbaycan millisinin üzvü...

Atasının adı da Anatolidir. İnternetdə yazılanlara inansaq, ata Anatoli əslən azərbaycanlıdır. Futbolçunun anası ukraynalıdır, özü isə Mukaçevo şəhərində anadan olub.

Anatoli kişini ölkəmizə hansı bağların bağlamasından xəbərsiz olsam da, oğlunun üz-gözündə Azərbaycan adının “A”sının olmadığını tək mən demirəm.

Təkcə üz-gözündəmi? Xeyr!

Adamın davranışı, Azərbaycana və onun insanlarına münasibəti də yaddır. Adam özünü azərbaycanlı saymır çünki. Azərbaycanlıların necə olduğundan xəbərsizdir əslində.

Deməli, Rusiyanın Ukraynaya silahlı hücum etdiyi gündən bu yana Nuriyev bəylə əlaqə saxlayıb, ailəsinin və özünün vəziyyətini öyrənmək, Azərbaycana gəlmək ehtimalı, karyerasını burada davam etdirməklə bağlı fikirlərini dinləmək və siz oxuculara çatdırmaq istəyirəm.

Bunun üçün adama hər gün mesaj yazır, dəstək verir, zəng edirəm. Başına pis iş gəlməyib, sağ-salamatdır.

Mesajları oxuyur, “vatsap”da “onlayn” olur, amma Azərbaycandan edilən zəngə hörmət qoyub bir kəlimə danışmır, dinmir.

Dağılmaqda olan Ukraynanın əsl ukraynalıları Roman Qriqorçukla Vladimir Levin “Sportinfo”ya müsahibə verməyi lazım bildiyi halda, millimin formasını geyinən Anatoli müəllim bunu lazımlı saymır.

Hətta “Qarabağ” kimi suyu üfürə-üfürə içən kollektivin Rüstəm Əhmədzadəsi belə, Azərbaycan mətbuatına müsahibə verərək keçirdiyi hisləri, ailəsinin durumunu və arzularını dilə gətirdi.

Anatoli isə qaçır, yan gəzir, yaxına gəlmir.

Gəlmə, dostum. Onsuz da sənin Ernani Pereyradan, Usim Ndukadan, ya da Daniel Axtyamovdan fərqin yoxdur. Millidə oynamağın üçün ayağına düşdülər, sən də dəyərləndirdin. 3-5 ildən sonra nə Azərbaycan yadına düşəcək, nə də azərbaycanlılar.

Bəlkə də səni özümüzdən biri bildiyimizə görə özümüzdədir günah, Anatoli oğlu Anatoli.

HƏBİB

Xəbər Lenti