AFFA-nın unikal ideyası və İsgəndər Cavadov möcüzəsi

1 Mart 2022 19:00 Köşə 1 842
AFFA-nın unikal ideyası və İsgəndər Cavadov möcüzəsi

Deyilənlərə görə, Regional Futbol Federasiyaları İctimai Birliyi var Azərbaycanda.

Bu “birlik” həm də AFFA-ın üzvüdür. “Birliyin”, sən demə, sədri də var.

Kimdir? İsgəndər Cavadov.

Daim Azərbaycan futbolunun səfasını çəkən adam. O da deyilir ki, “birlik” hesabat-seçki konfransı keçirib.

Bu konfransda nəyin hesabatının verildiyi isə bəlli deyil. Nəyin hesabatı veriləcək ki, ölkənin regionlarında futbol yoxdursa?

Cavadov özü regionlarda ayda-ildə bir dəfə olur, o da könlünə hinduşka kababı düşəndə. Əksər vaxtlarda isə ölkə xaricində olur.

Yığma komanda ilə birgə turist səfərinə çıxır. Gəzir-dolanır, yeyir-içir. Əcəb edir, adama qalan elə bu olacaq.

Necə yaşamaq lazım olduğunu bilir də bu adam. Amma arada ondan soruşun (mırta ey), deyin ki, Azərbaycanın hansı regionunda futbola baxıb sonuncu dəfə.

Allaha and olsun ki, çox maraqlı cavab verə bilər. Lap tarixə düşəsi. Hə, bəlli olan odur ki, İsgəndər Cavadov yenə də “birliyə” sədr seçilib.

Kim seçib, harada seçib, o da bəlli deyil. Əsas odur ki, Cavadov sədrdir və AFFA ildə ona 200 min manat ayırır ki, işləsin. İş də nə iş. Gəz-dolan, ye-iç...

***
AFFA-dan söz düşmüşkən, qurum yığma komandanın üzvlərinə futbol oynamağı öyrətmək üçün unikal yol tapıb. AFFA reqbiçilərlə əməkdaşlıq edəcək.

Məqsəd nədir?

Azərbaycanlı futbolçuların ən zəif yeri fiziki hazırlığın aşağı olmasıdır. Reqbi isə fizik gücü artırmaq üçün ən uyğun idman növü sayılır. Çünki reqbidə, əsasən fiziki gücə üstünlük verir.

AFFA ilə Azərbaycan Reqbi Federasiyası arasında keçirilən görüşdə məhz bu məsələ müzakirə olunub. Elxan Məmmədov unikal ideya fikirləşib.

Böyük ehtimalla, bu əməkdaşlıq Azərbaycanda futbolçuların yetişməsi üçün ciddi təkan olacaq. Amma bu ideyanı bütün dünyaya yaymaq vacibdir.

Adam paxıl olmaz. Qoy dünya futbolu da inkişaf etsin. Yoxsa reqbiçilərlə əməkdaşlıqdan sonra elə sürət götürərik ki, dünya bizə çata bilməz.

Elxan Məmmədov bu ideyanı FİFA və UEFA-da müzakirəyə çıxarda, hətta sata da bilər. Bu satışdan ölkəyə o qədər valyuta gələr ki...

Natiq Muxtarlı

Xəbər Lenti