Kiyev “Dinamo”su üçün gözümüz üstə yer var - Bakı işğalçıya “ev” olmalıdır?

28 Fevral 2022 19:00 Köşə 1 617
Kiyev “Dinamo”su üçün gözümüz üstə yer var - Bakı işğalçıya “ev” olmalıdır?

Rusiya mətbuatı məlumat yayıb ki, Moskva “Spartak”ı Avropa Liqasının 1/8 final mərhələsində “Leyptsiq”lə cavab qarşılaşmasını Bakıda keçirə bilər.

Yəni rusların “xalq komandası”nın “evi” Bakı olmalıdır. Daha dəqiq desək, işğalçı ölkənin “xalq komandası”nın.

Böyük ehtimalla, ruslar AFFA-nın ağzını arayıblar bu məsələ ilə bağlı. Azərbaycanda futbolun axırına çıxanlar da ruslara, yəqin ki, “hə” deyiblər.

Azərbaycan cəmiyyətində Rusiyanın işğalçı mahiyyətinə münasibət, demək olar ki, birmənalıdır.

Belə bir durumda işğalçı ölkənin “xalq komandası”nın Bakını “öz evi” seçməsinə də münasibət birmənalı olacaq – işğalçının Bakıda nə işi?

AFFA rəhbərliyi ictimai rəyi mütləq nəzərə almalıdır. Baxmayaraq ki, heç vaxt bunu etməyiblər.

Əslində “Spartak”ın Bakıya gəlməsinə razılaşmaq olardı, amma bir şərtlə: stadiona Ukrayna bayraqları ilə daxil olmağa icazə verilsin.

Onda azərbaycanlı azarkeşlər “Spartak” üçün “ev” yox, cəhənnəm yaradarlar. Ancaq o da aydındır ki, UEFA buna “siyasi don” geyindirib, razılıq verməyəcək.

Və əgər FİFA, UEFA işğalçıya loyal münasibət göstərməsəydi, indi belə situasiya da yaranmazdı.

Rusiya işğalçıdırsa, bu ölkənin yığması və klubları FİFA, UEFA bayrağı altında keçirilən bütün turnirlərdən kənarlaşdırılmalıdır.

Amma Avropanın ortasında korrupsiyaya bulaşmış bu təşkilatlar fərqli addım seçirlər. Görünür, Rusiyadan gələn gəlir daha vacibdir.

FİFA və UEFA-nın pul hərisliyi isə bizim kimi ölkələri təzyiq altında qoyur. Ancaq bütün təzyiqlərə rəğmən, AFFA Azərbaycan cəmiyyətinin ictimai rəyi ilə hesablaşmalıdır. İşğalçı ölkənin komandası Bakını “öz evi” bilməməlidir.

Yoxsa işğalçıya qucaq açmaq AFFA rəhbərliyinin başının qaxıncı olacaq həmişə. İşğalçının “xalq komandası” Bakıya gəlməməlidir. Kiyev “Dinamo”su, “Şaxtyor” üçün gözümüz üstə yer var.

Natiq Muxtarlı

Xəbər Lenti