Ədalətsiz dünyanın Qurbanı...

25 Fevral 2022 13:20 Köşə 1 450
Ədalətsiz dünyanın Qurbanı...

Dünya Putin adlı despot bir rejim başçısının Ukraynanın günahsız adamlarını, körpələrini bombalarla qətl edərkən futboldan həzz almaq mümkünsüz işdir.

İstər-istəməz bir gözün telefonda- Ukrayna cəbhəsindən gələn xəbərlərdə olur.

Bunun peşəmizlə, “müharibə azarkeşliyi”ilə heç bir əlaqəsi yoxdur. Müharibə hər bir xalq üçün ağır sınaqdan əvvəl, fəlakət və müsibətdir.

Biz bu faciələrlə üzləşmişik, işğalı görmüş xalqıq, o səbəbdən Ukraynada baş verənləri dərin həyəcanla yaşayırıq, son 15 saatda da bütün diqqətimiz o ölkədədir.

Kiyev çoxumuz üçün elə Bakı qədər doğmadır. Ukrayna xalqı bizə heç vaxt aşağı gözlə baxmayıb, bunu o ölkədə qonaq olan hər birimiz təsdiq edə bilərik. İndi təsadüfdən iş elə gətirib ki, Bakıda “Qarabağ”ın oyunu vardı, o səbəbdən bir az da olsa, bəlkə də üzümüzün gülməsinə, fikrimizin dağılmasına ehtiyac hiss edirdik...

ukraina.jpg (47 KB)

Fransa təmsilçisi “Marsel”in öz meydanında 2 top üstünlüyü artıq çox şey demək idi, amma “Qarabağ” bizə həmişə ümid verib, o səbəbdən dünya dağılsa belə, komandanı tək qoymaq da olmurdu.

160152_3ecmtrm3yv.jpg (36 KB)

Fransa həmişə ədalətsiz ölkə olub bizə qarşı- işğal dövründə də, 44 günlük müharibə zamanı da, ondan sonrakı günlərdə də. Apreldə adı seçki bülletenində olacaq biri basa-basa qanunsuz olaraq Xankəndinə gəlmişdi, Azərbaycan əleyhinə hədyanlar danışmışdı. “Marsel” Fransa dövlətinin ədalətsizliyinə görə məsuliyyət daşımır. Çoxu heç Qarabağın istiqamətini belə bilmir. Amma Marsel erməni şəhəridir, bu klubun azarkeşləri arasında da ermənilər kifayət qədərdir. O səbəbdən bu oyun həm də bir az prinsip məsələsi idi.

Birinci hissənin axırlarına yaxın Vadji topu əli ilə rəqibin qapısından keçirəndə meydanda Fransa klubu təmsilçiləri etirazlara başladılar. Qrup mərhələsində “Bazel”lə oyunda halal qolumuzu saysaydılar, bəlkə də indi bu klubla cəngləşmirdik. Biz haqsızlığa da nədənsə, abırla etiraz edirik, ona görə sözümüzü çox vaxtı eşitdirə bilmirik. Fransa klubunun təmsilçiləri isə özlərini öldürürüdülər, hakimdən əl çəkmirdilər. “Qarabağ”ın oyunçusu topa əllə toxunsaydı bir yeri vardı, voleybolçu kimi salmışdı topu qapı toruna. Ona görə hakim topu qeydə alsa da, etirazlar səngimədiyi üçün məcbur olub Vadjinin vicdanına ümid etdi. Vadji isə danışmaq istəmirdi. Bu vaxt Qurban Qurbanov müdaxilə etdi, Vadjini yanına çağırdı, görünür ki, onunla dəqiqləşdirdi. Vadji etiraf etdi, sonrasını da gördünüz...

160219_e1ltllchin.jpg (25 KB)

Ədalət bərpa olundu. Top qeydə alınmadı. Qurban Qurbanovun müdaxiləsi olmasaydı, top qeydə alınmışdı. Hesab bərabərləşəndən sonra nə olacaqdı, “Qarabağ” daha sonra qol vura, növbəti mərhələyə çıxmaq üçün daha 2 top vurub oyunu əlavə dəqiqələrə daşıya biləcəkdimi? Qurban Qurbanovun o müdaxiləsindən sonra sonrasını düşünmək artıq iş idi. Oyun elə o ədalət bərpa olunanda bitmişdi!!!

Qurban Qurbanovun niyə belə qərar verməsinin bir yox, bir neçə səbəbi var. Əvvəla, bunu “Qarabağ”a yaraşdırmadı. Sonra bu fransız klubu, erməni azarkeşlər hər yerdə deyəcəkdilər ki, “bəs, “Qarabağ” belə bir ədalətsizliyə qol qoydu”. İkincisi, Qurban Qurbanov bu klubu öz ədalətli mövqeyi ilə o səviyyəyə gətirib. Bunu bilməyən yoxdur. Üçüncüsü, Qurban o qola göz yumub, sonra kimdənsə ədalətli olmağı tələb edə bilməyəcəkdi. Bəlkə də nə vaxtsa, onu üzünə də vuracaqdı hansısa oyunçu... Nəhayət, Qurban Qurbanovun ədaləti mövqeyi onun inancına bağlı məsələdir.

_123397786_gettyimages-1238719428.jpg (27 KB)

Qurbanın bu ədaləti mənə xoş gəldi, həm də dünyanın ədalətsiz bir gününə dəng gəlmiş 24 fevralda! Amma bu ədalət nəyi dəyişdi? Neçə adam “Qurbana halaldır...” dedi. UEFA ola bilsin, ona bir təşəkkürnamə yazsın. Amma sənin ədalətin bu dünyada nəyisə dəyişərmi Qurban Qurbanov? Bəlkə, hakimlər bir daha “Qarabağ”a qarşı ədalətsiz qərarlar verməyəcəklər? Axı Qurban Qurbanov ədalətli qərarı ilə hakimin də karyerasına yazılacaq kobud səhvdən qaytardı...

Biz hamımız özümüzü ədalətsiz dünyanın qurbanları kimi hiss etdiyimiz vaxtda, oldumu bu? Ədalətsiz dünyanın Qurbanı (musavat.com)...

Nazim SABİROĞLU

Xəbər Lenti