Bu kluba bax, AFFA-sını tanı

24 Fevral 2022 21:00 Köşə 1 463
Bu kluba bax, AFFA-sını tanı

Azərbaycan Premyer Liqasında çıxış edən 6 komanda maliyyəni tamamilə AFFA-dan alır.

Daha doğrusu dövlətdən.

Amma dövlət böyük səhv edərək bu vəsaiti komandalara AFFA-nın əli ilə verir. Bu, bəlli.

Amma bu komandalar həm də AFFA-dan idarə olunur. Yəni rəhbər şəxslərin hamısı AFFA rəsmilərinin dost-tanışlarıdır. Bu da bəlli.

Amma o bəlli deyildi ki, bu dost-tanışlar o postlarda yalnız müqəvva statusundadırlar. Yəni heç bir səlahiyyətə malik deyillər.

Ola bilməz? Özümdən uydururam? Əgər uydurmadırsa, onda bunu mən yox, AFFA-nın lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov uydurur.

Bu adam deyib ki, adı dəyişdirilərək “Şamaxı” olacaq komandanın yeni loqosu UEFA-ya göndərilib.

“Keşlə”nin mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov da “Futbol+” qəzetinə deyib ki, vallah-billah, bundan xəbərimiz yoxdur.

Fikir verin ey, komandanın yeni loqosu hazırlanıb, UEFA-ya göndərilib, amma komanda rəhbərlərinin xəbəri yoxdur, siz də deyirsiniz ki, belə şey ola bilməz.

Yəqin ki, indi uydurma olmadığına inandınız. Biz də yazırıq-pozuruq, soruşuruq ki, ölkədə futbol niyə inkişaf etmir? Belə idarəetmə ilə niyə inkişaf etməlidir ki?

AFFA-nın binası o prospektdə olduqca mənfi assosiasiya yaradır. Azərbaycanda futbolun bundan aşağı səviyyəsi ola bilməz.

İnkişaf üçün isə o bina tamamilə yerlə-yeksən edilməlidir. Amma binanı sökməzdən əvvəl içindəki adamları da penitensiar xidmətin avtomobilləri ilə lazımı yerlərə daşımaq lazımdır.

Futbolun inkişafını istəyiriksə, öncə bu iş görülməlidir. Deməli, indi bizə buldozer lazımdır.

Natiq Muxtarlı

Xəbər Lenti