Samir Abasovun komandasının “Keşlə” üzərindəki qələbəsindən sonrakı mətbuat konfransında Romen Baskla bağlı danışıb.
Fransız futbolçu Azərbaycan mətbuatına açıqlamasında “Neftçi”dən gedişinin səbəbkarı kimi açıq şəkildə baş məşqçini göstərmişdi.
Ki, mənə mütəmadi oynamaq şansı vermirdi deyə, orada qalmadım. Ki, başqa baş məşqçi olarsa, gələcəkdə yenidən ağ-qara formanı geyinməyə razı olaram.
Abasov da incik futbolçunun dediklərinə qarşılıq olaraq həmin vaxt komandada Mamadu Kane, Emin Mahmudov və Sabir Buqrin kimi aparıcı fiqurların olduğunu bildirib, bir növ özünə haqq qazandırdı.
Halbuki, əvvəl belə danışmırdı. Deyirdi ki, Bask ailə problemlərinə görə Bakıda qalmaq istəmədi, biz onun xidmətində maraqlı idik, vacib futbolçunu itirdik və s. və i.
Elə həmin mətbuat konfransında Samir bəyin yalanının üstü açıldı. Demək ki, Romen kimi bacarıqlı futbolçunu, “Havr”ın sabiq kapitanını “Neftçi”dən küsdürüb qaçırdan elə baş məşqçinin özü olub. Ailə problemi-filan ucuz bəhanə imiş.
Bu, fransız oyunçunun üstünü açdığı, baş məşqçinin də istəmədən etiraf etdiyi yalan idi. Yəni Romen Bask özünə qarşı haqsız münasibətə görə ağ-qara formanı geyinməkdən imtina edən futbolçulardan biridir. İndi gör, onun kimi neçəsi var.
Korreanı danışdırsan, Buqrini dindirsən, Allah bilir, onlar nələr deyəcək. Artıq bir şeyə əminik. Futbolçular “Neftçi”ni şəxsi problemlərə görə yox, şəxslərin yaratdığı problemlərə görə tərk edir.
Oğurluqdur, yalandır, bir də o biədəb şey. Bunların ömrü 40 gündən artıq çəkmir, Samir Abasov. Siz ki, bunu yaxşı bilirsiniz.
HƏBİB

