“Qarabağ”ın məğlubiyyətinin TƏK GÜNAHKARI

18 Fevral 2022 21:20 Köşə 2 414
“Qarabağ”ın məğlubiyyətinin TƏK GÜNAHKARI

Püşkatmadan sonra böytük əksəriyyət daş atıb başını tuturdu ki, bəs, “Qarabağ”ın bəxtinə başqa komandanın yox, “Marsel”in düşməsi yaxşı olmadı.

Fransızlar bizimkilərin nəfəsini kəsəcək, ölkə çempionatında ikinci sırada gedir, heyətində ulduz futbolçular var və s. və i.

Niyə o cür düşünürdük?

Çünki rəqib Avropanın sayılıb-seçilən komandalarındandır. Güclü heyətə malikdir, avrokubok təcrübəsinə görə “Qarabağ”ı qat-qat üstələyir, büdcəsi göz qamaşdırır. Yəni marsellilər ağdamlıları hər yerdə, hər şeydə qabaqlayır.

Hə, “Qarabağ” meydana çıxdı, layiqli mübarizə apardı, təhlükəli vəziyyətlər yaratdı, rəqib futbolçuların dilini çöldə qoyacaq qədər qaçırtdı, yekunda 1:3 hesabı ilə məğlub oldu.

Yenilginin səbəbkarı kimi Kevin Medina ilə Luka Quqeşaşvilini göstərənlər yetərincədir. Ki, qapıçı 1-ci və 3-cü qollarda səhvə yol verdi, kolumbiyalı Kevin hər 3 qolda “iştirak etdi”.

Bəs, təcrübəsizlik, rəqibdən geri qalmaq nə deməkdir? Elə bu deməkdir də.

Adi epizodlarda nöqsana yol verirsən, həyəcanlanırsan, düzgün mövqe seçmirsən, Polşa millisində Levandovski ilə mübarizə aparan Milik də səhnəyə çıxıb 2 qol vurur, yekunda Paye fərqlənir.

Elə bizi qorxudan da futbolçuların təcrübəsizliyi deyildimi?

Təcrübəsizlik demək, qaçmaq əvəzinə yerində dayanmaq, göyə tullanmaq əvəzinə yerə uzanmaq, mübarizəyə girişmək əvəzinə tribunaya tərəf qaçmaq deyil ki.

Təcrübəsizlik budur da. Rəqib ikili mübarizədə səndən tez və ağıllı tərpənir, səni sürətdə üstələyir, qol imkanı düşəndə reallaşdıra bilir və ən vacibi, səni səhv etməyə məcbur edir.

Yəni problem Lukada, Kevində, yaxud Toralda yox, təcrübəsizlikdə idi.

Məgər “Neftçi”ylə oyunda “çərçivə”də “divar”a dönən “quş” ləqəbi yoxduğunuz həmin Quqeşaşvili deyildi?

Məğlubiyyətdə günahkar axtarmaq əvəzinə “Qarabağ”ın qapıya endirdiyi zərbələrin, Mandandanın qarşısını aldığı qolların, rəqib futbolçuların aldığı sarı vərəqələrin sayına və topa sahibolma faizinin nisbətinə baxaq.

Yox, günahkar axtarmaq fikrində qətisinizsə, bu baxımdan sizə kömək edə bilərəm. Məğlubiyyətin tək günahkarı təcrübə idi. “Marsel”də lazımınca vardı, “Qarabağ”da yox.

HƏBİB

Xəbər Lenti