AFFA “ölü”nü niyə dirildir?

15 Fevral 2022 19:00 Köşə 1 922
AFFA “ölü”nü niyə dirildir?

Fevralın 2-də keçirilən AFFA-nın Hesabat Konfransında bir “ölü”nün dirildilməsi ilə bağlı da göstəriş verildi.

Qərara alındı ki, Futbolun İnkişaf Fondunun fəaliyyəti aktivləşdirilsin.

Bu fond 2016-cı ildə yaradılmışdı. Amma elə yaradılan kimi də “ölmüşdü”. Maraqlıdır, AFFA bu “ölü”nü niyə dirildir?

Səbəb çox sadədir. Daha çox vəsait çırpışdırmaq, daha çox gəlir əldə etmək, daha da varlanmaq. Təbii, söhbət AFFA rəhbərlərinin varlanmasından gedir.

Dövlət onsuz da futbolun inkişafı üçün kifayət qədər vəsait ayırır. Məsələn, Azərbaycanda elmin inkişafına ayrılan vəsait futbola ayrılan vəsaitdən qat-qat azdır.

Hanı futbol? Yoxdur. Bəs hanı bu pul? Onu AFFA rəhbərlərinin gün-güzəranında, bahalı həyat tərzində axtarın.

Hə, son vaxtlar regionlarda məhv edilmiş futbol məsələsi yenidən aktuallaşıb. Elə AFFA da aktuallaşıb. Yenə də yararlanmaq istəyirlər.

Guya regionlarda futbolun inkişafını düşünürlər. Yalandır.

Dövlətin bu vaxta qədər ayırdığı vəsaitlə Azərbaycanın bütün bölgələrində futbolu inkişaf etdirmək mümkün idi. İndi milyonlar yox, milyardlar verin, heçə nə alınmayacaq.

Amma AFFA rəhbərləri yaranan hər fürsətdən istifadə etməyə çalışırlar. Daha da varlanmaq üçün.

Futbolun İnkişaf Fondunun - “ölü”nün xortdadılmasına cəhd də bu məqsədi daşıyır. Fikir verin, görün fondun rəhbəri Tural Piriyev nə deyir:

“Klublara fərdi sponsor cəlb olunacaq. Regionlardan olan diaspor nümayəndələri ilə də danışacağıq.

Hər hansı şirkət ianə etmək istəsə, klub Premyer Liqaya vəsiqə qazanmasa, həmin klub üçün qalacaq və digər klubun hesabına köçürülməyəcək”.

Gör nə qədər ağıllıdırlar ey. Adamlar regionlardakı sahibkarları soyub-talamağı düşünürlər. İndi də onlardan vəsait tələb edirlər, tələb edirlər ki, daha çox qazansınlar.

Birincisi, Azərbaycanın regionlarında klub saxlamaq iqtidarında olan iş adamı, sahibkar yoxdur. İkincisi, olsa da belə, onlar axmaq deyillər ki, futbola pul ayırsınlar.

Çünki yaxşı bilirlər ki, ayırdıqları vəsait futbolun inkişafına yox, “istedadlı dələduzlar”ın cibinə yönələcək.

Regionlardakı iş adamlarının artıq vəsaiti varsa, şəhid ailələrinə, qazilərə, Qarabağın dirçəldilməsinə, imkansız tələbələrə, elmin inkişafına yardım etməlidirlər.

Onlar heç bir halda AFFA-nın tələsinə düşməyəcəklər. Çünki hər kəsə aydındır ki, bu rəhbərliklə ölkədə futbol olmayacaq.

AFFA “ölü”nü diriltmək istəyir. Amma nahaq əziyyət çəkir. “Ölü”nün dirilməsinə pul ayıracaq axmaqlar yoxdur daha.

Hər kəs AFFA-nın Şeyx Nəsrullah olduğunu bilir. Amma yenə də xəbərdarlıq edək: şarlatan Şeyx Nəsrullah yenə də fəallaşıb. Aldada bilər, aldana bilərsiniz.

Ehtiyatlı olun, iş adamları!

Natiq Muxtarlı

Xəbər Lenti