Premeyer Liqaya gələcək 2 komanda – Püşk atılacaq və...

10 Fevral 2022 14:00 Köşə 2 121
Premeyer Liqaya gələcək 2 komanda – Püşk atılacaq və...

Azərbaycanın futbol ictimaiyyəti, idman mətbuatı eyforiyadadır.

Sevincdən başını itirib hamı. AFFA, Allah bilir neçənci dəfə “ip” verib onların əlinə.

Yenə də elan ediblər ki, növbəti mövsüm Premyer Liqada 10 komanda iştirak edəcək.

“Premyer Liqaya hansı komandalar gələcək?” sualı da ictimaiyyəti, idman mətbuatını məcbur edib ki, fikirləşməli olsunlar.

Necə yəni hansı komandalar gələcək? Yox, bu sualı bizimkilər vermir.

Bu sualı versə, versə Papua-Yeni Qvineya vətəndaşı verə bilər. Oradakı cəngəllikdə keçirilən futbol turnirinin də bir qayda-qanunu, əsasnaməsi olur.

Amma Azərbaycanda... Hətta AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov da bilmir ki, Premyer Liqaya hansı komandalar gələcək.

Yenə də Biləcəridən o tərəfdə yaşayanlar soruşa bilər ki, ay eviniz tikilsin, bəs bu birinci divizion nəyə lazımdır?

Bəs çempionatınızda bir qayda-qanun, əsasnamə yoxdur ki, siz elitaya hansı komandaların gələcəyini bilmirsiniz? Biləcəridən o tərəfdəkilər bu sualı versələr də, bizim vecimizə də deyil.

Sevinirik, bayram edirik, AFFA “ip” verib, deyib ki, növbəti mövsüm çempionatda 10 komanda olacaq. Əsas da budur.

Bəs bu 2 komandanı necə müəyyənləşdirəcəklər? Elxan Məmmədov deyib ki, lisenziyalaşdırma məsələsi nəzərə alınacaq.

Məsələn, əgər birinci divizionda sonuncu pillədə olan komandanın lisenziya məsələsi qaydasında olsa, arxayın olun ki, elitaya o komanda gələcək.

Amma onu da deyim ki, bu “lisenziya problemi” elə Elxan Məmmədovun kabinetində bir-neçə dəqiqə ərzində həll olunur.

Əgər bir-neçə komanda “lisenziya problemi”ni həll etmiş olsa, onda, çox güman ki, püşk atılacaq.

Deyilənlərə görə, elitaya gəlmək istəyən komandaların rəhbərləri üz tutublar falçı yanına. Falçıların köməyi ilə AFFA rəhbərlərinin onlara “hə” deməsinə çalışırlar.

Komanda rəhbəri var ki, artıq 3-4 falçının yanında olub, hamısından da təminat alıb. Amma yenə də ürəyi rahatlıq tapmayıb, xaricdə də sanballı falçı axtarır.

Bir sözlə, Azərbaycanın futbol sferasında canlanmadır. İctimaiyyət, idman mətbuatı çırtıq çalıb sevinir, komanda rəhbərləri falçıların evinin qarşısında növbədə durublar, AFFA rəsmiləri də püşkə hazırlıq görürlər.

Papua yeni qvineyalının da əli ağzında mat-mat baxır. Deyir ki, ilahi, bizə şükür...

Natiq Muxtarlı

Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI