Mahir Emreli, haydi irəli! – “Bu torpağın oğlusan, bizimsən”

6 Fevral 2022 18:00 Köşə 2 605
Mahir Emreli, haydi irəli! – “Bu torpağın oğlusan, bizimsən”

Mahir Emrelinin başına gələnlər futbol ictimaiyyətini iki yerə bölmüşdü.

Azarkeşlər, mütəxəssislər, hətta jurnalistlər də fərqli mövqe nümayiş etdirməkdəydi.

“Legiya”da azarkeşlərin hücumuna məruz qaldığına görə klubun düşərgəsinə qoşulmaqdan boyun qaçıran cavan oğlanın qərarını dəstəkləyənlər kimi, ona qarşı çıxanlar da az deyildi.

Emreli ilə eyni yumruqlara “qonaq olan” Lukinyasın atdığı addım Mahir üçün nümunəyə çevrilmişdi.

Tənqidlər “11 nömrə”yə xoş gəlmirdi. Bu yaxınlarda “Motivator Azerbaijan”ın qonağı olan futbolçu media mənsubları haqda sərt fikirlər səsləndirməklə diqqət çəkdi.

Ki, jurnalistlər ona ağıl verə bilməz, jurnalistlər “Mahir döyüldü” başlığından istifadə etməkdə qərəzlidir, reytinq xatirinə ağlımıza gələni yazırıq və s. və i.

Mahir özü anlamır, yanındakılardan biri də adamın başına salımır ki, jurnalistlər sənin yaxşılığını istəyir, futbolu olmayan ölkənin göz-bəbəyi olan Mahir Emrelini itirməkdən qorxur.

İşimiz tənqid etmək, müxtəlif nümunələrlə doğru yol göstərməkdir ki, hansı məqamda hansı səhvə yol verdiyini anlayasan.

Bilmədiyin, dərindən düşünmədiyin nələrsə varsa, dərk edəsən. Jurnalistin işi təkcə xəbər vermək deyil, həm də hansısa mənada mayak rolunu oynamaqdır.

Odur ki, qələm əhlinə atmaca atmağın, onları, yəni bizi özünə düşmən görməyin heç bir halda doğru deyil. Özünün də dediyin kimi, bu torpağın oğlusan, bizimsən.

Eqonu üstündən atıb, tənqidləri qəbul etməyi bacarmalısan. Mütləq bacarmalısan! “Legiya”nın azarkeşləri ilə düşmən ol, azərbaycanlı jurnalistlərlə müharibə et, sosial şəbəkə izləyicilərini vecinə alma – bu düşüncə və yanaşma ilə irəli gedə bilmərsən.

Yeri gəlmişkən, “Dinamo” karyeran da xeyirli-uğurlu olsun! Qollarının davamını Xorvatiyada gətir, məhsuldar ötürmələrlə sevindir bizi. Fəxr edək, qürur duyaq, dəstək verək.

Amma sabah yenə hansısa nöqsanını görəndə tənqidin dozası yerində olacaq. Tənqid olmasa, inkişaf etməyəcəksən, Mahir Emreli.

Haydi, irəli!

HƏBİB

Xəbər Lenti