Mahir Emrelini sevməyən ZÜMRƏ

5 Fevral 2022 22:20 Köşə 1 315
Mahir Emrelini sevməyən ZÜMRƏ

Mahir Emreli ilə bağlı ölkəmizdə fikirlər heç vaxt birmənalı olmayıb. İstedadına şübhə etməyib, uğur qazanacağına inananlar kimi, istedadına inanıb (bəzən bunu da inkar ediblər), amma xarakter(sizliy)inə görə hər dəfə onu tənə edən bir zümrə mütləq olub.

Bu, hələ "Qarabağ" dönəmindən beləydi. "Qarabağ"da qolları sıralayanda, bombardir olanda üstündən keçər, amma uğursuzluq yaşadığı ilk fürsətdəcə Mahirə tənələr yağdırmağa davam edərdilər.

Mahir ötən yay "Qarabağ"dan ayrılıb "Legiya"ya transfer olunanda düşündük ki, daha həmin zümrə də bu işindən əl çəkər. Futbolçumuza uğurlu karyera yaşaması yolunda dəstək olar. İnsafən, ilk vaxtlar da beləydi. Hər iki tərəfin ortaq şuarı vardı - "Əhsən, Mahir"! Açığı, "Lester", "Napoli" kimi komandalara qollar vuran Emreli də başqa seçim yeri buraxmırdı.

Amma hər dəfə belə uğurlu olmaq da olmazdı axı. Futbol elə oyundu ki, bəzən Messi, Ronaldo səviyyəli ulduzlar belə "qara zolağ"a düşə bilir. Emrelidən də həm pis günlər yan keçmədi. Klubun ardıcıl uğursuzluğu nə vaxtsa ona da sirayət etməliydi ki, etdi də. Sonrası hamıya məlum.

Polşada yaşadıqlarından psixoloji sarsıntı keçirən forvard haqqlı olaraq klubdan ayrılmaq qərarına gəldi. Aha, bax bu məqmada həmin zümrə yenidən peyda oldu. 24 yaşlı birini xaraktersizlikdə günahlandırmağa, yalnış qərar verməkdə suçlamağa başladılar. Gah "Səbail"lə gətirdilər, gah da Türkiyə təmsilçilərinə apardılar.

Amma sonda "Dinamo"nun (Zaqreb) kifayət qədər peşəkar skautları onu gecə ilə Xorvatiyaya apardı. Həm də 4,5 illik müddətə. Həmin zümrəyə bundan möhtəşəm cavab?

Əla transferdən günlər keçsə də, onlardan hələ də səs-səmir yoxdur. Yəqin ki, bir müddət olmayacaq da.

Bunun üçün Mahir döyülməli, "qara zolağ"a düşməli, Zaqrebdən Bakıya qayıtmalı və.s, və,i. olmaldır. Deməli, hələ bir müddət susqunluq davam edəcək. Ümid edək ki, Emreli sıralayacağı qollar, keçirəcəyi əla oyunlarla bu susqunluğun ömrünü hələ çox uzadacaq.

XANOĞLAN İMANOV

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!