Hafiz Məmmədov həbsdədir, bəs, siz hardasız? - ADLAR

29 Yanvar 2022 20:40 Köşə 3 661
Hafiz Məmmədov həbsdədir, bəs, siz hardasız? - ADLAR

Son 3 gündə Hafiz Məmmədovla bağlı mətbuatda tirajlanan xəbərlər ürəkləri dağlayır.

Biri var, üzündən insanlıqdan başqa istənilən şey yağan məmur, biri də var içindəkı saflığını üzündə gəzdirən biri – Hafiz Məmmədov.

Vaxtilə qurduğu biznesin hesabına qazandığı pulları futbolun yolunda xərcləyən, “Bakı”nı maliyyələşdirən, Biləcəridə akademiya inşa etdirən, dağ boyda “Atletiko”nu Azərbaycana gətirib ölkə başçısı İlham Əliyevlə görüşdürən, azərbaycanlı balaları“Lans”a göndərən, bu iki Avropa klubunun formalarının qarşısına “Land of Fire Azərbaycan” yazısını həkk etdirən insan indi 1 milyon manata görə “dəmir barmaqlıqlar” arasındadır.

Vergidən yayındığı üçün Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində saxlanılır.

Allaha and olsun, bu günə qədər nə Hafiz Məmmədovun “xüsusi qonağı” olmuşam, nə təşkil etdiyi hansısa xarici səfərə yollanmışam, nə də əlbəəl görüşmüşəm. Münasibətimiz klub prezident-jurnalist müstəvisindən kənara çıxmayıb. Amma bu insana ürəyim yanır.

Ümid edirəm ki, vaxtilə “Hafka”nın yüzminləri, hətta milyonları hesabına özlərinə firavan həyat quranlar da azı mənim qədər üzülür. Amma onlar təkcə üzülməklə kifayətlənməməlidir.

Aralarında fərasətli biri çıxıb, telefonunda “Bakı”dan tanıdığı nə qədər məşqçi və futbolçu varsa, bir-bir zəng edib Məmmədov üçün dəstək kompaniyasına başlamalıdır.

Bu gün Hafiz bəy üçün 200-300 min manat da ciddi kömək sayıla bilər. Onsuz da yaxın ətrafı sabiq klub prezidentini idarədən çıxarmaq üçün tələb olunan pulu axtarır.

Məşqçi və futbolçular da etsinlər. Etməlidirlər. Mənəvi borclarıdır.

Saya gəlməyəcək qədər çoxdurlar. Maşallah, əksəriyyəti hazırda top dalınca qaçıb, pul qazanır. Karyerasını başa vuranlar da biznes sahibidir.

Siyahını təqdim edim, insanlıq borcu onlara qalsın.

Mahir Emreli, Aqil Məmmədov, Namiq Ələsgərov, Rəhman Hacıyev, Vüqar Mustafayev, Nurlan Novruzov, Vüqar Bəybalayev, Bəxtiyar Soltanov, Kamran Ağayev, Cavid Hüseynov, Əfran İsmayılov, Rauf Əliyev, Elvin Məmmədov, Vaqif Cavadov, Elvin Əliyev, Cəmşid Məhərrəmov, Əziz Quliyev, Aqil Nəbiyev, Mahmud Qurbanov, Rafael Əmirbəyov, Saşa Yunisoğlu, Rail Məlikov, Ramin Quliyev, Ramazan Abbasov...

Bu adlar üzdə olan, yadda qalanlardır.

Yaxşı vaxtlarda gecə-gündüz “Hafka”nın qapısında keşik çəkib, evindəkilərdən çox şefin üzünü görən “dost”ların sayı o qədərdir ki. Hələ əcnəbi məşqçi və futbolçuları demirəm.

Birləşin, keçin 1000-2000 manatınızdan, vaxtilə qarşısında səcdə etdiyiniz kişiyə yardım edin. İmkan verməyin alışmadığı idarədə gecələsin. Axı sizin dəbdəbəli evlərdə gecələməyiniz üçün şərait yaradanlardan olub.

HƏBİB

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı