“Neftçi”yə həsəd aparan fransızlar - Mübariz Mənsimovun “səxavət"i bitəndən sonra...

19 Yanvar 2022 20:00 Köşə 2 563
“Neftçi”yə həsəd aparan fransızlar - Mübariz Mənsimovun “səxavət"i bitəndən sonra...

Yadımdadır, Mübariz Mənsimovun, Azərbaycan neftindən gələn pulu futbolda “səxavətlə” xərclədiyi vaxtlar idi.

“Xəzər Lənkəran”da rumın futbolçu vardı – Adrian Skarlatake.

Ayda 50 min dollar məvacib alırdı kasıb insanların yaşadığı cənub şəhərində. Azərbaycan neftindən gələn pul kəsildi.

Mənsimovun “səxavəti” də bitdi. “Xəzər Lənkəran” dağıldı, Skarlatake vətəninə qayıtdı. Rumıniyada anlaşdığı komanda çempion oldu.

Amma Adrian çempion komandada qalmadı, Azərbaycana qayıtdı. Bu dəfə “Keşlə”də oynamağa başladı.

Amma aylıq məvacibi 50 yox, 5 min dollar idi. Deməli, Adrian öz ölkəsində çempion olan komandada ayda heç 5 min dollar da məvacib almırdı ki, “Keşlə”yə qayıtmışdı.

Bizim komandaların “istedadlı dələduz” olan idarəçilərinə heç vaxt inanmayın. Azərbaycanda futbol klublarına ayrılan vəsait kifayət qədər sanballıdır.

Hətta o qədər sanballı ki, Rumıniya çempionu da bizim “Keşlə”yə həsəd aparır.

Rumıniya nədir ki, Fransa klubları da Azərbaycan komandalarına həsəd aparırlar. Fransanın birinci divizionu, səviyyəsinə görə Azərbaycan Premyer Liqasını qatlayıb qoyar ayağının altına.

Bunu niyə yazıram? İndi biləcəksiniz. Sən demə, “Neftçi”də fransız futbolçu oynayırmış – Romen Bask.

Elə “yaxşı” oyunçu olub ki, adını da yadda saxlaya bilməmişik zalım oğlunun. “Neftçi”də cəmisi 12 oyun keçirən bu Bask Fransanın “Havr” klubu ilə anlaşıb.

Ayda da cəmisi 5500 avro məvacib alacaq. Bu adam “Neftçi”də nə qədər qazanırdı? Ayda 15 min dollar.

Fransada alacağından, təxminən 2 dəfə çox. Fransada orta aylıq məvacib nə qədərdir? Hələ bir maraqlanın.

Bəs Azərbaycanda nə qədərdir? Fransadakı göstəricidən ən az 5 dəfə aşağı.

Fransa futbolu haradadır? Bəs Azərbaycan futbolu?

Fransız futbolçu kef edirdi. Bizim neftin hesabına. Azərbaycanın kasıb xalqı da futbol arzusunda...

Natiq Muxtarlı

Xəbər Lenti