Mahir Emrelini qınamaq olarmı?

13 Yanvar 2022 16:00 Köşə 1 657
Mahir Emrelini qınamaq olarmı?

Mahir Emrelinin "Legiya"da başına gələnlər hər kəsə məlumdur.

Azarkeşlər tərəfindən döyülən futbolçu haqqlı olaraq Polşa təmsilçisindən ayrılmağa qərar verib.

Amma təəssüf ki, onun qərarını yanlış sayan, hətta onu ağır tənqid edən öz həmyerlilərimiz də var. Maraqlıdır, niyə?

Axı Mahir nə etməliydi? Ona sahib çıxmayan kluba gerimi qayıtmalıydı? Bir dəfə döyülməsinə şərait yaradan rəhbərliyə yeni "fürsətlər" verməliydimi?

Hə, iddia edirsiniz ki, kluba qayıtmalı və öz sözünü meydanda deməldir. Bəs əksi olsa necə? Yenə meydana çıxmadan, avtobusda, məşqdə döyülsə necə olacaq?

Kim zəmanət verə bilər ki, eyni hal və ya daha pisi olmayacaq? Bunlar ağır, cavabsız və böyük əhəmiyyət, məsulliyyət kəsb edən suallardı. Elə Mahir də bunları düşünərək ayrılıq qərarı verib.

Düzdü, ağır və üzücü qərardı. Ki, uzun müddət sonra ölkə xaricində parlaq çıxış edən həmyerlimizlə fəxr etməyə bizə də yeni başlamışdıq. Hər halda "Lester", "Napoli" kimi klublara qol vuran legionerimiz vardı. Avropada adından söz etdirən "Legiya" fanatlarının qəhrəmanı bir azərbaycanlı idi. Və daha neçə bizim sevindiyimiz xoş məqamları sadalamaq olar.

Belə gözəl gedişatın bir andaca alt-üst olması heç birimizin ürəyincə deyil. Ancaq əsla və əsla bu, Mahirin yanlış addım atması anlamına gəlməməlidir. Bu qərarına görə Mahir qınanmamalıdır.

Başverənlərdə qınanmalı tək tərəf var - "Legiya". Futbolçusuna həm də ən güclü futbolçusuna sahib çıxmayan "Legiya". Uğursuz komandanın ən uğurlu oyunçusuna sahib çıxa bilməyən "Legiya"...

Mahir Emreliyə isə dəstək olmalı, yanında olduğumuzu hiss etdirməliyik. Eynən "Lester"ə, "Napoli"yə qol vuranda olduğu kimi.

Xanoğlan İmanov

Xəbər Lenti