Mahir Emreli karyerasını bitirdi - SON DƏQİQƏ

12 Yanvar 2022 17:40 Köşə 18 872
Mahir Emreli karyerasını bitirdi - SON DƏQİQƏ

Hər bir ölkənin köklü, flaqman klubları var.

Onlar oturuşmuş sadiq azarkeş ordusuna sahibdirlər. Bu klublar uğursuz çıxış etdikdə, təbii ki, ilk növbədə azarkeşlərin təzyiqi ilə üzləşirlər.

Azarkeşlərin təzyiqi zamanı futbolçuların təhqir olunması, hətta döyülməsi də olur. Təkcə futbolçularmı üzləşir belə təzyiqlə? Yox, baş məşqçi, klub rəhbərlərinə futbolçulardan daha çox “pay” düşür.

Biləcəridən o tərəfdə “azarkeş həmişə haqlıdır” düşüncəsi hakimdir. Yəni əgər klub uğursuz çıxış edirsə, futbolçular azarkeşin təzyiq və təhqirindən küsmür, əksinə, çalışırlar ki, yaxşı nəticələr əldə olunsun.

Və beləcə, azarkeşlə barışıq olsun. Nəticə olursa, dünən səni təhqir edən azarkeş bu gün başına and içəcək.

Hə, az-az futbolçu da tapılır ki, iradəsi zəif olur, bu təzyiqlər qarşısında tab gətirmir, küsür. Bizim Mahir Emerli kimi. Çox ümid bəsləyirdik ona. Hətta onun ilk 5-10 oyunda göstərdiyi nəticədən sonra prinsipimin əksinə getdim, təriflədim Mahiri.

Baxmayaraq ki, azərbaycanlı futbolçular bu vaxta qədər bizi o qədər peşman etmişdilər ki, tərif məsələsində tələsməməklə bağlı özümə söz vermişdim.

“Legiya” bu mövsüm çox uğursuz çıxış edir. Azarkeşlər də haqlı olaraq narazılıq edirlər. Onların avtobusa hücum çəkməsini, futbolçuları döyməsini də təqdir etmirəm. Amma nə edək, “sivil Avropa”da belə hallar tez-tez olur.

Ora gedən bunu bilməlidir. Mahir də hansı kluba getdiyini, bu klubun çılğın azarkeşlərinin olduğunu bilirdi yəqin. Uğursuzluq zamanı başının tumarlanmayacağına da əmin idi.

Onu da deyim ki, “Legiya”nın uğursuz çıxışında, bəlkə də ən az günah sahibi elə Mahirdir. Amma azarkeşlərin hücumu zamanı ən çox xəsarət alan da o oldu. Ancaq bu, əsas vermirdi ki, Mahir küssün.

Bəli, küssün və “iradəsi zəif” ittihamı ilə üzləşsin. “Legiya”nın baş məşqçisi Aleksandr Vukoviç artıq onu belə xarakterizə edir. Mahirlə bərabər təzyiqə məruz qalan Lukinyas haradadır?

Harada olasıdır ki, komandanın düşərgəsində. Məşq edir, hazırlaşır. Özünü sübut etməyə, azarkeşləri susdurmağa, oyunu ilə onlara “mənə qarşı münasibətdə haqsız idiniz” deməyə.

Mahir haradadır? Harada olacaq ki, Azərbaycanda. Gəzir, istirahət edir, müsahibələr verir, telekanallarda görünür. Ulduzdur. Elə bil Polşa çempionu olub qayıdıb. Elə bil Avropanın adlı-sanlı klubları bunun üstündə mübarizə aparır.

Deyilənlərə görə, Şərqi Avropanın bir neçə klubu Mahirə maraq göstərir. Açığı, inanmıram. Avropada klublar futbolçunu transfer edərkən onu yaxşı öyrənirlər.

Xarakterini, dünyagörüşünü, iradəsinin möhkəmliyini araşdırılar. Avropada az qala hər gün baş verən hadisəyə görə küsən və komandanın düşərgəsinə getməyən bir futbolçu ilə ciddi klublar niyə maraqlansın ki?

Bunlar heç, lap deyək ki, maraqlanan var. Mahir növbəti klubda özünü doğrulda biləcək? O, artıq böyük təzyiq altındadır.

Özü özünə qarşı yaradıb bu təzyiqi. Gedəcəyi klubda bir-iki oyun qol vura bilməsə, psixoloji cəhətdən sınacaq. Üstəlik, o klubun azarkeşlərinin Mahiri ilk andan isti qarşılayacağını da güman etmirəm.

Çünki onun “Legiya” azarkeşləri ilə yaşadığı problemdən hər kəs xəbərdardır. İlk oyunlarda özünü doğrulda bilməsə, yeni komandasında da fanatların təzyiqinə tuş gələcək.

Və güclü xarakteri olmadığı üçün növbəti dəfə məğlub olacaq. Polyaklara məğlub olduğu kimi.

Bizim mətbuat Mahirin hansısa Şərqi Avropa klubu ilə anlaşacağını bildirir. Hələ də ümid edirlər ki, o, Avropada uğurlu olacaq. O da ola bilər ki, Mahir də oturub Bakıda hansısa Azərbaycan klubu ilə anlaşıb, artıq. Və “Legiya” ilə müqavilənin pozulmasını gözləyir, böyük səbirsizliklə.

Lukinyas klubunun düşərgəsindədir. Nə iş görür? Məşq edir, hazırlaşır. Azarkeşləri “peşman” etmək, başına and içdirmək niyyətindədir.

Mahir haradadır? Bakıdadır, dalbadal müsahibələr verir, elə bil ulduzdur.

Bəs hazırlıq, bəs məşq? Nə məşq?

Onun başına and içən olmayacaq. Bəlkə də, Mahir Emreli artıq karyerasını bitirib.

Natiq Muxtarlı

Xəbər Lenti