Bir transferə 3 SUAL

5 Yanvar 2022 21:20 Köşə 1 753
Bir transferə 3 SUAL

“Neftçi”nin bir neçə saat əvvəl ictimaiyyətə təqdim etdiyi yeni transferi Eddi İsrafilov ağ-qara rənglərə könül verən azarkeşlərin ürəyincə deyil.

Artıq indidən sosial şəbəkələrdə məlum transferə görə tənqid dalğasının dozası artmağa başlayıb.

Rəhbərliyin yerli futbolçu statusu ilə təklif etdiyi, Samir Abasovunsa keçidinə ikiəlli razılıq verdiyi 29 yaşlı futbolçunun yeni komandasına nə dərəcədə xeyir verəcəyini zaman göstərəcək. Uzaq yox, yaxın keçmiş.

Hadisələrin sonrakı axarının necəliyindən asılı olmayaraq, ortaya çıxan bir neçə sual var ki, onlara cavab tapmadan İsrafilovun “Neftçi”yə keçidində əməyi keçənlərə “halal olsun!” demək olmur.

Birinci sual: Yığmanın qapıları AFFA-nın indiki rəhbərliyinin istəyi ilə milliləşdirilmiş futbolçunun üzünə niyə bağlanıb?

Sonuncu dəfə 2019-cu ildə - Nikola Yurçeviçin dönəmində ölkənin bir nömrəli komandasının şərəfini qorumuş yarımmüdafiəçi 2 ildən artıqdır Azərbaycan yığmasında görünmür.

Deyək ki, maydan bu yana futbolsuzdur. Bəs, ondan əvvəlki ilyarım?

Eddi Sequndada hər həftə “Albasete”nin formasını tərlədib, qollar vuranda belə, Canni de Byazinin diqqətini çəkə bilmirdi.

Halbuki italiyalı mütəxəssis Avropada Azərbaycan pasportuna sahib futbolçuları günün günortasında çıraqla axtarır.

Sualın əsl cavabı böyük planların, kimlərinsə şəxsi maraqlarının altında gizlənir. Çox güman, həmin “kimlərsə” İsrafilovun əsl simasına bələd olandan sonra milli qapılarının futbolçunun üzünə bağlanmasına nail olub.

“Neftçi”nin məşqçilər heyəti ilə klubdakı söz sahibləri isə, görünür, hələ də xəbərsizdir. Onlar xəbər tutanda gec olacaq. Çünki futbolçu ilə 2,5 illik müqavilə bağlanıb.

İkinci sual: Eddi kimi “azərbaycanlı” “Neftçi”də oynamağı haqq edirmi?

Bu sualın əsl cavabından bazada oturan əsas söz sahibləri xəbərsizdir. Çünki şərəfli forma hər yoldan keçənin əyninə soxuşdurulmaqla çoxdan dəyərsizləşib.

Adamlar bu qədər səhvlərə yol verdikləri halda, hələ də “Neftçi” formasını hansı xarakterli azərbaycanlının geyinməli olduğunu öyrənməyiblər.
İspaniyada doğulub Azərbaycandan bixəbər olan, ölkəmizi özünə vətən bilməyən, Vətən Müharibəsində “siçan deşiyində” gizlənib dəstək açıqlaması verməyi özünə sığışdırmayan Eddinin “Neftçi”yə nə dərəcədə ürək yandıracağı indidən məlumdur.

Bakılıların yeni “14 nömrə”si bura Azərbaycan pasportuna sahib xarici qismində gəlib. Onu nə “Neftçi”nin adı, nə tarixi, nə bu günü, nə də sabahı maraqlandırır. Sabah komandada işlər qaydasında getməyəndə, o da başqaları kimi gözlərini döyəcək.

Üçüncü sual: “Neftçi”nin yeni idman direktoru Zaur Əzizov Eddi İsrafilovun keçidinə razılıq veribmi?

Şəxsən tanıdığım Əzizovdursa, bu, mümkün deyil. Nə Azər Salahlının, nə də Eddinin çalışdığı klubun bir parçası olmasına razılaşmaz. Futbola

baxışı, futbolçu seçimi hamıya bəllidir çünki. Qarışıq məsələdir, nədirsə.

Yenə də xeyirli olsun!

HƏBİB

Xəbər Lenti